875
Kapital 26 İyul 2021, 22:42

Məşhur aktyor 41 yaşlı unikal “Land Cruiser”ini satışa çıxardı

Amerikalı aktyor, prodüser və rejissor Tom Henks özünün 41 il əvvəl istehsal edilmiş unikal “Toyota Land Cruiser”  FJ40 avtomobilini “Bonhams” hərrac evində satışa çıxarır. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, bu unikal avtomobil sahibinin istəyinə uyğun yığılıb-müasir mühərrik və sürətlər qutusu quraşdırılıb, xüsusi asqı sisteminə malikdir və gündəlik istifadə üçün rahat oturacaqlar qoyulub, rahat tormoz sistemi və sükanın hidrogücləndiricisi var.

Klassik stildəki bu avtomobil 1980-ci ildə buraxılıb, Tom Henks isə avtomobili yenidən yığdıraraq onu daha rahat və balanslaşdırılmış edib. “Toyota”nın ənənəvi 6-silindirli mühərrikinin yerinə “General Motors” şirkətinin  injektorlu, 4.3 litr həcmli V6 L35 mühərriki qoyulub. Zavodun qoyduğu sürətlər qutusu isə “General Motors”un 5 pilləli mexaniki sürətlər qutusu ilə əvəz edilib.

Mühərrikin dəyişdirilməsinə ABŞ-ın sertifikat orqanları tərəfindən icazə verilib. Avtomobilə sükanın hidrogücləndiricisi, tormoz gücləndiricisi, “Toyo” cip təkərləri qoyulub, salonda isə “Porshe” şirkətinin istehsalı  olan, elektrik qızdırıcılı, dəri üzlüklü kreslolar və kondisioner quraşdırılıb. Avtomobilin “Sony” audiosistemi isə müasir deyil, 1990-cı illərin əvvəllərinə aid adi radioqəbuledicidən ibarətdir.

“Land Cruiser” FJ40 avtomobilinin ön panelində  Tom Henksin əlyazması ilə həkk olunmuş avtoqrafı var. Avtomobilin istehsal tarixçəsini əks etdirən sənədlər də qaydasındadır, odometrdə isə cəmi 84 min 580 kilometr yürüş göstərir. Avtomobili kim alsa “Toyota”nın orijinal zavod kreslolarını da əldə edəcək və nəticədə istədiyi vaxt yeni sahibi avtomobili zavod vəziyyətinə geri qaytara bilər.

“Bonhams” hərrac evində hesab edirlər ki, Tom Henksin avtomobilini 75-125 min dollara satmaq mümkün olacaq. Lakin qiymətin daha yüksək olacağı da istisna deyil. Hərrac avqustun 13-də keçiriləcək.

virtualaz.org

 

Xəbərlər