520
Kapital 16 İyul 2021, 16:28

Azərbaycanda neft biznesi olan Mixail Qutseriyev sanksiyalara görə “Russneft”dən uzaqlaşdı

Azərbaycanın 16 quru neft yatağının sahibi, inquş əsilli rusiyalı neft oliqarxı Mixail Qutseriyev “Russneft” şirkətini tərk edib. Virtualaz.org xəbər verir ki, buna səbəb Qutseriyevin Avropa İttifaqının Belarusa qarşı tətbiq etdiyi son sanksiyaların təsiri altına düşməsidir. Qutseriyevin Belarusda iri biznesi var.

 RBK agentliyi şirkətdən yayılan məlumata istinadən bildirir ki, Qutseriyev nəinki “Russneft”in direktorlar şurasının sədri postunu tərk edib, eləcə də direktorlar şurasının üzvlüyündən çıxıb. Habelə biznesmenin adı şirkətlə bağlı olan şəxslər siyahısından tamamilə çıxarılıb. “Russneft”in direktorlar şurası iyulun 13-də keçirilmiş iclasında şirkətə nəzarət edən konkret şəxsin olmadığı, o cümlədən Mixail Qutseriyevin daha şirkətə nəzarət etmədiyi haqda hüquqşünasların rəyini nəzərdən keçirərək razılaşdırıb.

 Direktorlar şurası bu qənaətə Avropa İttifaqının sanksiyalar qanunvericiliyi sahəsində təcrübəyə malik olan müstəqil hüquq məsləhətçilərinin analizi əsasında gəlib. Ekspertlər qismində “Herbert Smith Freehills”, “Baker Botts” (UK) LLP və LECAP hüquq şirkətlərindən hüquqşünaslar cəlb olunub.

Hüquq məsləhətçilərinin apardıqları hüquqi analizdən belə qənaət yaranır ki, M.Qutseriyev şirkətə nəzarət edən şəxs deyil, onun şirkətdə inzibati, idarəetmə və digər postlara kimisə təyin etmək, vəzifədən çıxarmaq səlahiyyəti yoxdur. Habelə Qutseriyev  Avropa İttifaqının sanksiya nizamlanması normaları ilə nəzərdə tutulmuş şəkildə şirkət üzərində nəzarətə malik deyil.

Şirkətin indiki direktorlar şurası iyunun 28-də seçilib və ora 12 nəfər daxildir. “Rossneft” hazırda ştat rejimində işləyir.

Mixail Qutseriyev Azərbaycanda da iri neft biznesinə malikdir və quruda yerləşən 16 neft yatağını alıb. 2008-ci ildə Qutseriyevin offşor şirkəti "Global İnvestment Energy" (sonradan bu şirkət "Naftis"in tərkibinə daxil edilib) Azərbaycanın 4 neft yatağında qazma işləri aparmaqla bağlı lisenziyaya malik iki şirkətin səhmlərini alıb. Söhbət "Mişovdağ" və "Kəlaməddin" yataqlarının operatoru "Karasu Operating Companu"nin 85, "Padar" və "Harami" yataqlarının operatoru "Kura Valley Operating Companu"nin 80 faizlik aksiyalarından gedir. Səhmlərin qalanı ARDNŞ-in olub.

Həmin il ARDNŞ M.Qutseriyevin yaratdığı, öz strukturlarında "Abşeron Operating Company Limited" ("Zığ" və "Hövsan" yataqlarını işləyir), "Karasu Operating Company" ("Kəlamətdin" və "Mişovdağ"), "Kura Valey Operating Company" ("Padar-Hərəmi"), "Neftçala İnvestments Limited" ("Neftçala", "Xıllı", "Durovdağ-Bazanan"), "Binagadi Oil Companu" ("Binəqədi", "Qırmakı", "Çaxnaqlar", "Sulutəpə", "Masazır", "Fatmayı", "Şabandağ" və "Sianşor") şirkətlərini birləşdirən "Qlobal Enerji Azərbaycan Ltd." ilə hasilatın pay bölgüsü (HPB) tipli 16 yatağın işlənməsi üzrə 2 neft kontraktı imzalayıb.

virtualaz.org

 

 

Xəbərlər