441
Kapital 10 iyun — 13:42

Kremlə bağlı kiber-reketlər dünyanın ən iri ət emalı şirkətindən 11 milyon dollar qoparıb

Dünyanın ən iri ət emalı şirkəti JBS etiraf edib ki, bir neçə həftə əvvəl şirkətin kompüter şəbəkəsinə kiberhücum həyata keçirmiş hakerlərə 11 milyon avro ödəyib. İki həftə əvvəl hakerlər şirkətin bir neçə zavodunun serverlərinə hücum ediblər, nəticədə JBS Avstraliya və Kanadadakı zavodlarının işini dayandırmalı olub. Kiberhücumun daha əvvəl ABŞ-ın “Colonial Pipeline” şirkətinə hücum edən, Rusiyada mənzillənən və Kremlə bağlı olduqları təxmin edilən hakerlər tərəfindən həyata keçirildiyi bildirilir.

 Wall Street Journal” qəzetinə müsahibəsində JBS USA şirkətinin baş direktoru Andre Noqeyra hakerlərə milyonlarla dollar ödənilməsini “ağrılı, ancaq düzgün” qərar hesab edib. “Bu, şirkətimiz və şəxsən mənim üçün çox mürəkkəb qərar idi. Ancaq biz başa düşürdük ki, müştərilərimiz üçün istənilən potensial riski aradan qaldırmaq üçün bu qərarı verməliyik”,-o bildirib.

 

Ödəniş hakerlərin tələb etdiyi kimi, bitkoinlərlə edilib. Hakerlər pulun ödənilməyəcəyi halda şirkətin məhsullarının təchizat zəncirini pozmaqla hədələyirdilər. Bu da ABŞ-da ət və ət məhsullarının qiymətinin kəskin bahalaşmasına səbəb olardı.

 Federal Təhqiqatlar Bürosu bildirir ki, hücum edənlər Rusiya ilə əlaqəli olan REvil və Sodinokibi haker qruplarıdır. Bundan əvvəl “Colonial Pipeline” şirkəti də bitkoinlə hakerlərə 5 milyon dollar ödəməli olmuşdu. Lakin 3 gün əvvəl ABŞ Ədliyyə Nazirliyi bildirib ki, nazirliyin xüsusi xidmətlərinə bağlı mütəxəssislər hakerlərin rəqəmsal “pul qabı”nın şifrəsini sındıra və “Colonial Pipeline” şirkəti tərəfindən ödənilən pulun 2.3 milyon dollarını geri qaytara biliblər.

virtualaz.org

 

 

Xəbərlər