247
Kapital 11 dekabr — 17:14

Azad Qarabağda elektroenergetika infrastrukturunun bərpası: Baba Rzayev İtaliya şirkətinin rəhbəri ilə danışıqlar apardı

İtaliyanın “Ansaldo Energia” şirkətinin rəhbəri Marino Guiseppenin təmsil etdiyi nümayəndə heyəti ilə “Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevin görüşü olub.

“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat Mərkəzinin yaydığı məlumatda deyilir ki, görüşdə İtaliyanın Azərbaycandakı səfiri Augusto Massari də iştirak edib. Baba Rzayev İtaliya-Azərbaycan arasında dostluq və əməkdaşlıq haqqında məsələyə toxunaraq Azərbaycanın haqq işi olan Dağlıq Qarabağ münaqişəsinin həllində İtaliyanın tutduğu mövqeyi yüksək qiymətləndirib.

Bu ayın 9-da ölkəmizdə səfərdə olan İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin nümayəndə heyətinin Gəncəyə və işğaldan azad olunan Ağdam şəhərinə səfər etdiklərini, burda törədilən dagıntıları öz gözləri ilə görərək təəssüratlarını bölüşdüklərini xatırlatıb. 

“Azərenerji” ASC-nin bir sıra beynəlxalq nəhəng şirkətlərlə işbirliyinin olduğunu diqqətə çatdıran Baba Rzayev, bu görüşün əsas məqsədinin həmçinin Azərbaycanın işğaldan azad edilən ərazilərində yeni, müasir tipli elektroenergetika infrastrukturunun yaradılmasından ibarət olduğunu deyib.

“Erməni işğalçıları 30 il ərzində Azərbaycanın qədim tarixi torpaqları olan bu ərazilərdə butun infrastruktura, o cümlədən elektrik stansiyalarına cox ciddi ziyan vuraraq dağıntılar törədiblər. İndi bu ərazilərdə demək olar ki, enerji infrastrukturu yoxdur”,-“Azərenerji” ASC-nin sədri səfirlə söhbətində bildirib.

Baba Rzayev sıx əməkdaşlıq üçün öncə şirkətlər arasında işçi qrupunun və Bakı şəhərində “Ansaldo Energia” şirkətinin ofisinin yaradılması da daxil olmaqla aşağıdakı layihələr üzrə əməkdaşlıq imkanlarını qonaqların diqqətinə çatdırıb.  Görüşdə işğaldan azad olunan ərazilərdə yeni generasiya güclərinin yaradılması üçün bir sıra istiqamətlər barədə fikir mübadiləsi aparılıb. Bura Kəlbəcər, Laçın bölgələrində yeni tikiləcək kiçik su elektrik stansiyaları layihələrinin birgə həyata keçirilməsi, işğaldan azad olunan ərazilərdə yüksək gərginlikli yarımstansiyaların tikintisində və avadanlıqlar ilə təchizatında  “Ansaldo Energia” şirkətinin iştirakı, tezliyin tənzimatı üçün (Bakı şəhəri yaxınlığında Səngəçal ərazisində) BOT formatında tikintisi planlaşdırılan 390 MVt gücündə yeni elektrik stansiyası layihəsində “Ansaldo Energia” şirkəti ilə əməkdaşlıq,  “Azərenerji” ASC-nin ötürmə sistem operatorunun idarəetməsinin təkmilləşdirilməsi üçün proqram təminatının və yeni texnologiyanın tətbiqi də daxildir.

Habelə “Azərenerji” ASC-nin baş idarəetmə, elm-tədris və laboratoriya kompleksində “Ansaldo Energia” şirkətinin istehsal etdiyi avadanlıqlardan ibarət trenajor mərkəzinin yaradılması məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

“Ansaldo Energia” şirkətinin rəhbəri Marino Guiseppe “Azərenerji”nin sifarişi əsasında yenidən qurulacaq stansiyaların təchizatını təmin etmək üçün ökəsinin yüksək texnoloji avadanlıqların istehsalında ön sıralarda oldugunu deyərək, “Ansaldo Energia” şirkətinin Bakıda ofisinin yaradılması təklifini yüksək qiymətləndirib. Sonra qonaqlar “Azərenerji” ASC-nin baş idarəetmə, elm, tədris və laboratoriya kompleksində yaradılan Enerjinin Baş İdarəetmə Mərkəzi, Tədris Mərkəzi və Energetiklərin Mədəniyyət Mərkəzi ilə tanış olublar.

 

Xəbərlər