127
Kapital 16 noyabr — 15:36

Kapital Bank işğaldan azad olunan bütün rayonlarda yeni filiallar açacaq

27 sentyabr 2020-ci il tarixindən başlayaraq Silahlı Qüvvələrimiz erməni işğalçıları tərəfindən zəbt edilmiş torpaqlarımızda uğurlu əks-hücum əməliyyatları həyata keçirərək, demək olar ki, hər gün bizi qələbə müjdələri ilə sevindirirdilər. 44 gün davam edən Vətən müharibəsi ərzində müzəffər ordumuz Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, eləcə də bir sıra digər yaşayış məntəqələrimizi hərbi cəsarət hesabına düşmən tapdağından azad etdi.

Ordumuzun göstərdiyi şücaət sayəsində mənfur düşmən geri çəkilərək, sülh kapitulyasiyası aktını imzaladı və nəticədə Qarabağımız işğaldan tam olaraq azad edildi. Bu münasibətlə xalqımızı ürəkdən təbrik edirik və başlanan yeni bir dövrdə bol uğurlar arzulayırıq.

«Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında» Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanına əsasən hazırda bu ərazilərdə infrastrukturun tam bərpası istiqamətində işlər həyata keçirilməyə başlanır. Demək olar ki, bütün dövlət qurumları işğaldan azad olunan rayonlarda, şəhərlərdə və qəsəbələrdə yeni layihələrin tətbiq ediləcəyini bildirir.

Ölkənin ən böyük filial şəbəkəsinə malik Kapital Bank da işğaldan azad olunan rayonlarda yeni filiallarını açaraq, müştərilərə xidmət göstərəcək. Qeyd edək ki, Kapital Bank-ın Şuşa, Laçın, Qubadlı, Ağdam və Cəbrayıl filialları hazırda mövcud olduğu üçün, adlarını daşıdıqları rayonlarda fəaliyyətlərini davam etdirəcəklər. Bundan başqa Qarabağ ətrafı Kəlbəcər və Zəngilan rayonlarında, həmçinin Qarabağda olan digər əhəmiyyətli şəhər və qəsəbələrdə də yeni filialların açılması planlaşdırılır. Bununla bağlı bankın baş ofisində artıq hazırlıq işlərinə başlanılıb və dövlət orqanları tərəfindən müvafiq yerlərdə şərait yaradılan kimi filialların açılışı planlı şəkildə həyata keçiriləcək.

Ermənistanın təcavüzkar siyasəti nəticəsində torpaqlarından didərgin salınmış vətəndaşlarımız öz doğma yurdlarına geri döndükdən sonra bank ehtiyaclarını qarşılamaq üçün Kapital Bank-ın filiallarında bankın məhsul və xidmətlərindən yararlana biləcəklər. Yeni açılacaq filiallarda müştərilərə yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şərait və imkanlar yaradılacaq.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Xəbərlər