340
Kapital 14 oktyabr — 22:48

ABŞ Dövlət Departamenti TAP-ın tikintisinin başa çatması haqda

“Trans-Adriatik” (TAP) qaz boru kəməri Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu barədə ABŞ Dövlət Departamenti Enerji Ehtiyatları Bürosunun “Twitter” hesabında paylaşım edilib.

Paylaşımda deyilir: “Əhəmiyyətli dərəcədə hazır olan TAP ilə Avropanın enerji təhlükəsizliyi irəli aparıldı. TAP kəməri Yunanıstan sərhədindən tutmuş İtaliyadakı terminallaradək təbii qazla doldurulub”.

Bununla yanaşı, Yunanıstandakı səfir Cefri Pyat tərəfindən dəyərləndirmə açıqlanıb: “TAP kəmərini Cənubi Avropada enerji təhlükəsizliyi və mənbələrin şaxələndirilməsi istiqamətində daha böyük nailiyyət münasibətilə təbrik edirəm”.

Virtualaz.org xatırladır ki, tikintinin başlanmasından təxminən 4,5 il sonra Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası dünən əsaslı şəkildə tamamlanıb.

Yuxarıda da qeyd edildiyi kimi, TAP boru kəməri artıq Yunanıstan-Türkiyə sərhədindən cənubi İtaliyadakı qəbul terminalına qədər təbii qazla doldurulub. TAP hazırda ticarət əməliyyatlarına başlamaq və bitişik əraziyə uyğun olaraq bazara potensial təklif etmək üçün hazırlıqlarını başa çatdırır.

Planlara və hədəflərə uyğun olaraq, TAP vasitəsilə İtaliyaya qaz tədarükü noyabrın ortalarında planlaşdırılır.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan və Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Xatırladaq ki, "Şahdəniz-2" yatağından çıxarılan təbii qaz Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsi ilə Avropaya test rejimində daşınmasına başlanılıb. Qaz Türkiyə-Yunanıstan sərhədində birləşən Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Adriatik dənizini keçəcək və İtaliyaya qədər çatdırılacaq. TAP-a test üçün və hətta xətdə qalacaq qədər sınaq məqsədilə qaz vurulub. Kəmərin 2021-ci ilin I rübündə tam gücü ilə fəaliyyət göstərəcəyi gözlənilir.

Azərbaycan Respublikasının Prezidenti 25 fevral 2014-cü il tarixində Layihələr üzrə Dövlətə məxsus payların konsolidasiya edilməsi, idarə olunması və maliyyələşdirilməsi məqsədilə "Cənub Qaz Dəhlizi" QSC-nin yaradılması haqqında sərəncam imzalayıb. CQD Azərbaycan İqtisadiyyat Nazirliyi (51%) və SOCAR-ın (49%) təsisçiliyi ilə 31 mart 2014-cü il tarixində yaradılıb.

Xəbərlər