1225
Kapital 28 sentyabr — 21:18

Cəbhə bölgəsində qaz kəmərləri zədələndi

Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində cəbhə zonasında yerləşən yaşayış məntəqələrində bir sıra enerji infrastrukturu obyektlərinə zərər dəyib.

Bu barədə interfax.az Energetika Nazirliyinə istinadən məlumat yayıb.

“Tərtər rayonunun Borsunlu, Hüləbəndi kəndlərində, Tərtər şəhərinin isə Sahil, Babək küçələrində və Heydər Əliyev prospektində qaz xətləri və avadanlıqları qismən zədələnib. Döyüşlərin getdiyi vaxtlarda təhlükəsizlik tədbirləri olaraq Füzuli və Tərtər rayonlarının, Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin, Beyləqan və Ağcabədi rayonlarının bir hissəsinin qaz təchizatı dayandırılıb. Bundan başqa, sentyabrın 27-də “Ağdam 4 yol ölçü qovşağı”ndan qidalanan qaz təchizatı şəbəkəsinin üzərinə mərmi düşdüyündən saat 19:00-dan etibarən həmin qovşaqdan qaz təchizatı dayandırılıb, lakin saat 19:20-də “Quzanlı ölçü qovşağı”ndan Ağdam rayonunun qaz təchizatı bərpa olunub. Beyləqan rayonunun mərkəzinə və Ağcabədi şəhərinə də qazın verilməsi bərpa edilib”, - məlumatda deyilir.

Qeyd olunur ki, bu gündən Horadiz qəsəbəsində yerləşən Çörək zavodunun qazla təchizatına nail olunub.Həmçinin Qaradağlı kəndi istisna olmaqla Beyləqan rayonunun 8 kəndinə və Bərdə rayonunun 9 kəndinə qazın verilməsi bərpa edilib.

Bildirilir ki, döyüş əməliyyatı aparılan sərhədyanı rayonların elektrik enerjisi ilə təchizatını təmin edən infrastrukturlar da hücuma məruz qalıb.

“Qeyd edək ki, bu xətlər bir neçə dəfə atəşə məruz qalıb və “Azərişıq” ASC-də yaradılmış Xüsusi Qərargahın gördüyü tədbirlər nəticəsində bu rayonlarda zədələnmiş elektrik xətlərinin fəaliyyəti bərpa edilib. Təmas xəttində yerləşən yaşayış məntəqələrinin qaz və elektrik enerjisi təchizatı ilə bağlı məsələlər tam nəzarətdə saxlanılır və qəza hallarının operativ şəkildə aradan qaldırılması ilə bağlı tədbirlər davam etdirilir”, - deyə məlumatda vurğulanıb.

Xəbərlər