206
Kapital 16 sentyabr — 13:36

Pandemiya və sahibkarlara dövlət dəstəyi: Elxan Qədirov niyə cüzi yardım alıb...

Bəlli olduğu kimi koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər və iqtisadi fəallığın azaldılması özəl sektora ciddi təsir göstərib. Azərbaycan hökuməti neqativ təsirlərin minimallaşdırılması və sahibkarların bu çətin durumda daha geniş dəstəklənməsi məqsədilə mühüm addımlar atıb. Bu, ilk növbədə, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, kredit resurslarına daha asan çıxışının təmin edilməsi və vergi yükünün azaldılması, pandemiyayadək alınan kreditlər üzrə faizlərin əhəmiyyətli hissəsinin subsidiyalaşdırılması kimi mühüm istiqamətləri əhatə edir. 

 

Koronavirus pandemiyasının sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamı və Nazirlər Kabinetinin 4 aprel 2020-ci tarixdə təsdiq etdiyi Tədbirlər Planına əsasən, pandemiyadan zərər çəkmiş sahibkarlara və onların muzdlu işçilərinə maliyyə dəstəyi proqramı dövlət büdcəsi tərəfindən ayrılmış vəsaitlər çərçivəsində həyata keçirilir. Belə ki, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlət tərəfindən 215 milyon manat, fərdi və mikro sahibkarlara göstərilən maliyyə dəstəyi çərçivəsi isə 80 milyon manat, ümumilikdə 295 milyon manat vəsait ayrılıb. 

Maliyyə dəstəyi 2 proqram üzrə həyata keçirilib. Muzdlu işçilərə dəstək proqramı vergi ödəyicilərinin 1 aprel və 1 iyul 2020-ci il tarixinə olan aktiv əmək müqavilələrinə əsasən işçilərin iki aylıq əmək haqlarının ödənilməsini nəzərdə tutur. Fərdi sahibkarlara maliyyə dəstəyi isə onlar tərəfindən 2019-cu il ərzində dövlət büdcəsinə ödədikləri verginin məbləğindən asılı olaraq həyata keçirilir. Hər iki dəstək proqramı 2 mərhələləridir. 

Lakin bəzi sahibkarlar dövlət yardımı ala bilmədiklərindən şikayətlənir. Məsələn, Elxan Qədirov adlı sahibkar virtualaz.org- verdiyi açıqlamada bildirib ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində dövlətdən ancaq aprel ayında 355 manat məbləğində birdəfəlik maliyyə dəstəyi alıb və ötən dövr ərzində heç bir əlavə yardım almayıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məsələ ilə bağlı saytımızın sorğusu əsasında sahibkarın müraciətini araşdırıb.

Xidmətdən bildirilib ki, Qədirov Elxan Malik oğluna (VÖEN: 1502348632) cari ilin aprel ayında “Fərdi sahibkarlara dəstək proqramı” üzrə 364 manat məbləğində birdəfəlik maliyyə dəstəyi göstərilib. Vergi ödəyicisinin əmək müqaviləsi ilə çalışan işçisi qeydə alınmadığı üçün ona “Əmək ödənişləri ilə bağlı dəstək proqramı” üzrə dəstəyin göstərilməsi mümkün olmayıb. Fərdi sahibkarın aprel ayı istisna olmaqla, ötən müddət ərzində dövlət maliyyə yardımı əldə etməməyinin səbəbi onun vergi orqanlarına təqdim etdiyi hesabatlarda əmək müqaviləsi ilə çalışan işçisinin qeyd olunmamasıdır.

İşçisi olmadığı və işlədiyi obyektdə özü çalışdığı üçün E.Qədirov yalnız fərdi sahibkarlar üçün nəzərdə tutulan maliyyə dəstəyi üzrə müraciət etmək hüququndan istifadə edib. Dövlət maliyyə yardımı çərçivəsində fərdi sahibkarın ala biləcəyi vəsaitin məbləği onun 2019-cu il ərzində büdcəyə ödədiyi verginin məbləğinə uyğun olaraq müəyyən edilir. Bu səbəbdən də fərdi sahibkar Elxan Qədirova 2019-cu il ərzində onun büdcəyə olan vergi ödənişlərinin həcmi qədər maliyyə yardımı göstərilib. 

Avqust ayında dövlət tərəfindən maliyyə dəstəyinin ikinci mərhələsi çərçivəsində fərdi sahibkarlara təkrarən vəsait ödənilib. İkinci dəfə maliyyə dəstəyi almaq hüququndan bütövlükdə 50 minədək fərdi sahibkar faydalanıb. “Bir daha nəzərə çatdırılır ki, sahibkarlara ödənilən maliyyə vəsaitlərin həcmi və ödənilmə meyarları Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydalara əsasən həyata keçirilir”,-Dövlət Vergi Xidməti bildirir.

 

Virtualaz.org

Xəbərlər