2687
Kapital 10 avqust — 14:20

Kasıbların kralı: xalqı aclıq çəkir, özü dəbdəbə içində üzür...

Mərakeş kralı VI Məhəmməd 2,5 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı monarxlarından biri hesab olunur. Dövlət xəzinəsi birbaşa sərəncamında olan kral özü və ailəsinə heç bir korluq vermir. O, hər il təkcə cib xərcliyinə 40 milyon dollar ayırır. Dövlət başçısının qarajında ​​“Maybach”, “Aston Martin”, “Ferrari” və onlarla digər dəbdəbəli və tuninq avtomobillər var. Dəyəri 1,2 milyon dollar olan brilyantlarla bəzədilmiş ağ qızıldan saat taxan monarx 12 sarayın saxlanmasına külli miqdarda pul xərcləyir, üç ulduzlu “Mişlen” restoranlarda şam edir, xarici səfərlərə 300 nəfərin müşayiəti ilə gedir.

Virtualaz.org xəbər verir ki, Mərakeş kralının dəbdəbəli həyatı ilə bağlı lenta.ru saytı geniş məqalə yayımlayıb.

Absurd xərclər

"Ölkənin beş milyondan artıq əhalisinin gündəlik qazancı 1,5 dollardan da azdır. Amma buna baxmayaraq, kral hər il ictimai fonddan cib xərcliyi üçün təqribən 40 milyon dollar ayırır. Kral VI Məhəmməd öz “Aston Martin” avtomobilini turninq etdirmək üçün yük təyyarəsində Britaniyaya istehsalçıya göndərir”, - 2012-ci ildə fransız jurnalistləri Katrin Qrasie və Erik Loran nəşr etdirdikləri “Yırtıcı kral” kitabında Mərakeş kralının gündəlik xərclərindən bəhs edirdilər. 

Lakin Krallıqda kitabın nəşri tənqid olunub və satışına qadağa qoyulub.

1999-cu ildə Məhəmmədin inauqurasiyası keçirilib və orada onu əhaliyə iqtisadiyyatı inkişaf etdirəcəyi vədlərinə görə “yoxsulların kralı” kimi təqdim ediblər. Ancaq kitabın çapından sonra monarx "Kral Midas" adlandırılmağa başlayıblar.

Kralın sərvəti 2,5 milyard dollar dəyərində qiymətləndirilir. “O, iqtisadiyyatın bütün aparıcı  sahələrini öz əlində cəmləşdirib. O, ölkədə baş bankirdir, sığortaçıdır, kənd təsərrüfatı məhsullarının istehsalçısı və ixracatçısıdır”, - deyə jurnalistlər kral sarayına yaxın mənbələrə istinadən bildirirlər.

Müəllifin monarxın həyatının təfərrüatları ilə bağlı ortaya çıxardığı faktlar çoxlarını təəccübləndirib. Beləliklə, məlum olub ki, o, ildə 1,5 milyon dollar ev heyvanının yeminə və bundan iki dəfə artıq kral qarderobuna xərcləyir. Məsələn, bir dəfə Məhəmməd Londondakı butiklərdən birindən 55 min dollara kəşmir palto alıb.

Adətən kral xarici səfərlərə 300 xidmətçi və yaxınlarının müşayiəti ilə gedir və onlar üçün ayrıca təyyarələr sifariş olunur. Amma özünün kral laynerində şəxsi trenajor zalı var.

Kralın 12 sarayı var. Baxmayaraq ki, o, bunlardan yalnız dördünü istifadə edir, qalanları da onun qəfil gəlişi üçün hazır saxlanır. Bayırdakı havadan asılı olmayaraq, binalarda temperatur 17 dərəcədə saxlanılır. Belə iqamətgahda bir günlük xidmət  təqribən 1,5 milyon dollara başa gəlir. “The Telegraph” yazır ki, monarxın özünün xərcləri  Mərakeş vergi ödəyicilərinə ildə 353 milyon dollara başa gəlir ki,  bu da Britaniya kraliçası II Yelizavetanın xərclərindən 18 dəfə çoxdur.

Hər qonağa 9 xidmətçi qulluq edir

VI Məhəmmədin dəbdəbə sevgisi özünü hər şeydə göstərir. "Demək olar ki, hər səhər köməkçilərindən sarayın girişinə onlarla dəbdəbəli maşın gətirməsini tələb edir ki, bu gün hansını idarə edəcəyinə qərar versin. “Ferrari”, “Aston Martin”, “Maybach” - seçim çoxdur "deyə jurnalistlər yazıblar.

Kral və xanımı sarayda, nigah mərasimində

Yerli otel “Royal Mansour” Kral Məhəmmədin və ətrafındakıların sevimli istirahət yerinə çevrilib. Əvvəlcə qapalı bir kral iqamətgahı kimi nəzərdə tutulsa da, sonradan buranı otelə çevirməyə qərar veriblər. 3,5 hektar ərazidə 53 üç mərtəbəli villa yerləşir. Hər qonağa  doqquz xidmətçi qulluq edir.  İstirahət edənlərə maksimum rahat şərait yaratmaq üçün xidmətçi personal onların gözlərinə görünmür. Bunun üçün otelin ərazisində yeraltı tunellər sistemi hazırlanıb.

Daxildə dəbdəbəli interyer quraşdırılıb- mərmər mozaika, əl işi olan xalçalar, hovuzlu və divanlı terraslar. Həyətdə yağışın ilk damlalarında avtomatik olaraq geri çəkilən çeşmələr və toxunuşla idarə olunan, geri çəkilə bilən şüşə dam örtüyü var.

Adətən, monarxın qonaqları və özü müxtəlif spa müalicələrində vaxt keçirir: hamam, gözəllik salonlarına baş çəkir və masaj olunurlar. Axşam saatlarında Məhəmməd və dostları “Royal Mansour” ərazisində yerləşən restoranların birinə gedirlər. Orada Parisin elit müəssisələrindən gəlmiş aşpazlar xidmət göstərir. 

Milyonluq saatlar

2020-ci ilin yanvar ayında, Mərakeşdəki kral iqamətgahlarından birində işləyən 46 yaşlı bir təmizlikçi xanım hər biri ən azı 20 min dollar dəyərində olan bir neçə qol saatı oğurladığına görə 15 il həbs cəzasına məhkum edilmişdi. Qadın krala məxsus əşyaları satmağa imkan tapmışdı. Saat alıcılarının da cinayətdə iştirak etdikləri müəyyən  edildi və 4 il həbs cəzası aldılar. 

Ancaq bunlar kral Məhəmmədin ən bahalı saatları deyildi. 2018-ci ilin sentyabr ayında onun üçün  1,2 milyon dollarlıq brilyant işləməli ağ qızıldan “Patek Philippe” saatı hazırlanıb. 

Kral bahalı maşınlardan və brilyant saatlardan əlavə rəsm əsərlıri və yaxtalar almağı da sevir. Ötən ilin sentyabrında hakimiyyətdə olmağının 20 illiyi şərəfinə monarx yeni bir gəmi - 70 metrlik “Badis 1 “ yaxtası alıb.

Yerli mediada yayılan məlumatlara görə, yaxta əvvəllər milyarder Bill Ducerə məxsus olub və onu Mərakeş hökmdarına 88 milyon avroya satıb. Bununla belə, kral gəminin alışından çox keçmədən özünün  62 metrlik “El Boughaz” yaxtasını təmir etdirib.

 “Zoluşka” hekayəsi

Hal-hazırda monarxın şəxsi həyatı sirr kimi saxlanılır. 2002-ci ilin martında evlənənə qədər 38 yaşlı kral yalnız səs-küylü məclislər və lüks avtomobillərlə maraqlanan bir playboy kimi tanınırdı. Yazdılar ki, 24 yaşlı İT mütəxəssisi Lalla Salma ilə görüş monarxı dəyişdirdi. Onların evlilik həyatı 16 il davam etdi və bir oğul, bir qız övladları dünyaya gəldi.Toydan əvvəl belə danışırdılar ki, cütlüyün sevgi münasibətləri “Zoluşka” haqqında nağıla bənzəyir:  intelligent ailədən olan, lakin nəcib soy- kökə mənsub olmayan bir qız krala ərə gedir.

Kralın həyat yoldaşı olsa da, ona kraliça titulu deyil, şahzadə statusu verildi. Mərasimdən əvvəl  gələcək həyat yoldaşı Lallaya yeganə və həmişəlik həyat yoldaşı olaraq qalacağına vəd verdi.

Salma bir çox hallarda yerli adət-ənənələri  pozurdu - əri ona ictimai həyatda fəal iştirak etməyə icazə verdi. Onların toy mərasimindən ilk birgə fotoşəkilləri bütün dünyaya yayıldı. Bu fotoda, gəlinin qızıl naxışlarla bəzədilmiş dümağ geyimini brilyant zinət əşyaları tamamlayırdı. Kral həyat yoldaşına hədiyyələr almaqda xəsislik etmirdi. O, qiyməti on minlərlə dollar olan bahalı milli Mərakeş geyimlərini və kostyumlar geyinməyi  sevirdi. 

2018-ci ildə cütlüyün yollarının ayrılmasına nəyin səbəb olduğu bilinmədi. Ətrafındakıların bildirdiyinə görə, kral uşaq vaxtı atası kral II Həsən tərəfindən tez-tez döyülüb və bu da onun sonrakı  xasiyyətinə mənfi təsir edib. Kral və onun keçmiş həyat yoldaşı boşandıqdan sonra da normal münasibət saxlayırdılar: Lalla Salma Rabatda yaşayır və tez-tez uşaqlarla görüşmək üçün kral iqamətgahına gəlir.

Kralın və onun ətrafının mafioz əlaqələri haqqında kitab yazan fransız jurnalistləri isə 2015-ci ildə kralı şantaj etdiklərinə və külli miqdarda pul tələb etdiklərinə görə həbs ediblər. 

Fransa mətbuatının yazdığına görə Erik Loran və Katrin Qrasie bu informasiyaların yayılmaması üçün  VI Məhəmməddən üç milyon avro məbləğində pul tələb ediblər. Əks təqdirdə, yeni kitabda kralın "sirlərini" açacaqlarını, fotoşəkillər və şəxsi həyatı ilə bağlı digər faktları ortaya qoyacaqlarını bildiriblər. Yeni kitab 2016-cı ildə çıxmalı idi...

Gülnar Əliyeva

Virtualaz.org

Xəbərlər