859
Kapital 3 avqust — 20:51

Rusiya palma yağı idxalını artırır, şirniyyatda gen-bol istifadə edib Azərbaycana satır

Son on ildə Rusiyaya idxal edilən palma yağının miqdarı kəskin artıb. Yalnız ƏDV dərəcəsinin iki dəfə artırılmasından sonra idxalın həcmini nisbətən azaltmaq mümkün olub. Lakin palma yağının idxalındakı artım daxili tələblə bağlı deyil. Belə ki, bu bitki yağının gen-bol istifadə olunduğu qənnadı məhsulları daha çox xarici ölkələrə ixraca hesablanıb. Həmin ölkələr içərisində Azərbaycan da var.  

Virtualaz.org xəbər verir ki, bu barədə Rusiyanın agropages.ru saytı geniş məqalə ilə çıxış edib. 

Məqalədə qeyd olunur ki, bu ilin may ayında ölkəyə 2019-cu ilin may ayına nisbətən 2,3 dəfə çox palma yağı idxal edilib. Rusiya Statistika Komitəsinin məlumatına görə, ölkəyə daxil olan bu məhsulun miqdarı 113 min tona çatıb. Təkcə bir ayda tədarük kəskin artıb - bu ilin may ayında aprel ayına nisbətən 1,65 dəfə çox palma yağı idxal edilib. 2020-ci ilin ilk altı ayı (yanvar-may ayları) ərzində göstəricilər o qədər də dəyişməyib - ümumilikdə 413 min ton yağ idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz çoxdur. Göründüyü kimi, ilin ikinci yarısının ilk ayında palma yağı idxalında kəskin sıçrayış müşahidə olunub. 

Bəs idxal niyə artıb və niyə ölkənin bu qədər palma yağına ehtiyacı var?

İdxal artır, istehlak azalır

Nəşr yazır ki, palma yağının Rusiya Federasiyasına idxalı artmaqda davam edir. Əvvəlki illərdə rekord həddə çatan rəqəmlər 2019-cu ildə və 2020-ci ilin birinci yarısında azalmağa başlayıb və son aylarda yenidən artım müşahidə olunur. Ancaq buna baxmayaraq, ölkədə istehlak zəifləyib. Rusiya ildə təxminən 1 milyon ton palma yağı idxal edir. 2015-2019-cu illərdə idxal əvvəlki beş ildə illik 10.5 faiz artıb ki, bu da son beş ilin göstəricilərilə müqayisədə təxminən 2.5 faiz artım deməkdir. Palma yağı Rusiyada istehlak baxımından ilk sırada yer alan günəbaxan yağı əvəz etmək üçün istifadə edilib. Kənd Təsərrüfatı Nazirliyinin Aqroanalitika  Mərkəzindən verilən məlumata görə, günəbaxan yağı palma yağından iki dəfə çox istehlak edilir.

Ötən ilin oktyabr ayından bu günə qədər palma yağının ölkəyə idxalı 777,3 min ton səviyyəsində olub (2018-2019-cu ilin analoji dövrü ilə müqayisədə 8,1 faiz azalıb). Azalma bu məhsula iki qat artırılmış yeni ƏDV dərəcəsinin tətbiqi ilə əlaqələndirilir.

ƏDV artırıldı, palma yağının idxalı azaldı 

Afrikada yetişən palma meyvələrindən əldə olunan  yağa qoyulmuş ƏDV dərəcəsi 2019-cu ilin oktyabr ayından etibarən 10 faizdən 20 faizə qaldırılıb, daha doğrusu, güzəştli vergitutma ləğv edilib. Bununla hökumət iki məqsəd güdür. Birincisi, ölkə büdcəsinə əlavə pul cəlb etməkdir. Bu büdcəyə ildə 4.5-5 milyard rubl əlavə daxilolma deməkdir.

İkincisi isə, yerli istehlakçıların supermarket rəflərini dolduran saxta süd məhsullarından qorunmaqdır. Belə ki, təbii məhsul adı altında tərkibində yüksək miqdarda palma yağı olan süd, kəsmik, pendir və digər ağartı məhsullarının mağazalara ayaq açmasının qarşısı alınır. 

İstehlakçıların sağlamlığının qorunması məqsədilə 2021-ci ilin yanvar ayından etibarən bütün süd məhsullarının məcburi etiketlənməsi tətbiq ediləcək. Mallar elektron sistemdə qeydiyyata alınacaq ki, inək südü fermadan dükan piştaxtasına qədər izlənilsin.

Palma yağında ƏDV artımına gəlincə, bu tədbir də saxta məhsulun miqdarını azaltmaq məqsədi daşıyır. Süd və ya pendiri saxtalaşdıran istehsalçılara bundan sonra ucuz palma yağı almaq sərfəli olmayacaq. Aqroanalitika Mərkəzi hesab edir ki, dərəcənin iki dəfə artması palma yağının idxalını azaldıb və gələcəkdə büdcəyə ildə əlavə 5.3 milyard rubl vəsaitin daxil olmasına imkan verəcək.

Bütün bitki yağları arasında palma yağı istifadə baxımından dünyada birinci yerdədir. Son 10 ildə onun qlobal miqyasda istehsalı 4,2 faiz, satışları isə 3 faiz artıb. 2019-2020-ci illərdə 72,3 milyon ton yağ hasil olunub və növbəti mövsümdə 74,36 milyon ton hasilata nail olmaq planlaşdırılır.

Bu növ bitki yağı ən çox Hindistana (dünyada idxalın 19 faizi), Avropa Birliyi və Çinə (13.5 və 13 faiz) idxal olunur. Rusiya palma yağı idxalında yalnız on birinci yeri tutur - onun payı dünyadakı idxalın 1,8 faizini təşkil edir.

Palma yağının dünyada çox populyarlığı ucuzluğu və texnoloji xüsusiyyətləri ilə əlaqədardır. Bu digər bitki yağlarına nisbətən 10-40 faiz ucuzdur. Meyvəsindən yağ çıxarılan xurma ağacı ildə dörd dəfə məhsul istehsal etmək iqtidarındadır. Bu yağın əsas istehsalçısı İndoneziya (dünya ixracatının 57 faizini) və Malayziya (33 faiz) təşkil edir. 

Palma yağından kosmetik və qənnadı sənayesində də istifadə olunur. Bundan əlavə, bu tropik bitki yağı biodizel yanacaq istehsalında da istifadə olunur.

Məqalədə qeyd olunur ki, Rusiyada palma yağının 30 faizi qənnadı sənayesində, 15 faizi çörək məhsullarının istehsalında, 25 faizi yeməklərin və konsentratların hazırlanmasında, 13 faizi süd məhsulları istehsalında, 3 faizi isə marqarin istehsalında istifadə olunur. 

Bəzi tədqiqatçılar palma yağının tamamilə zərərsiz olduğunu və hətta faydalı olduğunu, digərləri bunun orqanizmə bərpa olunması mümkün olmayan zərər verdiyini iddia edirlər. Hələ ki, bununla bağlı birmənalı fikir yoxdur, lakin mütəxəssislər yaxın gələcəkdə palma yağına rəqib və alternativlərin olacağına inanmırlar. Aqroanalitika Mərkəzi hesab edir ki, palma yağı günəbaxan yağından sonra Rusiyada istehlak baxımından ikinci yeri tutacaq və idxalı artarsa, bu daxili tələb hesabına deyil, Rusiyanın şirniyyat və çörək məhsullarının ixracını artırması ilə əlaqədardır.

Rusiya qənnadı məmulatları ixracını artırır

Nəşrin yazdığına görə, 2019-cu ildə Rusiyada qənnadı məhsullarının istehsalında 13 faiz artım olub və 1,3 milyard dollara çatıb. Beş il ərzində şirniyyat məhsulların ixracı 44 faiz artıb və 90 ölkəyə ixrac olunub. Priyannik, şirniyyat və şokoladın çox hissəsini Qazaxıstan (23 faiz) və Belarusiya (14 faiz) alır. Çin Rusiya istehsalı olan qənnadı məhsullarının 16 faizinə (143 milyon dollar) maraq göstərir. Azərbaycan və Qırğızıstan Rusiya istehsalı olan qənnadı məmulatlarının satıldığı ölkələrin ilk beşliyi qapadır.

Çoxlu miqdarda palma yağının istifadə olunduğu şokolad bütün qənnadı məhsulları ixracının 55 faizini təşkil edir. Unlu qənnadı məhsullarının ixracı 2019-cu ildə artıb  (16% və ya 401 milyon dollar).

2024-cü ilə qədər ixrac tədarükünün Asiya və Afrika bazarlarını fəth etməsi proqnozlaşdırılır və buna görə ixracın həcmi iki dəfə arta bilər. Ümumilikdə Rusiya bütün şokolad və qənnadı məhsullarının təxminən 30 faizini xaricə satır. Bu, yaxın gələcəkdə palma yağı idxalının artmasına səbəb ola bilər.

G.Əliyeva

Virtualaz.org

Xəbərlər