584
Kapital 25 iyun — 17:40

Lisenziyası ləğv olunan 4 bankın əmanətçilərinə kompensasiya ödənildi

İyunun 24-nə olan vəziyyətə görə, lisenziyası ləğv edilmiş “AGBank”, “Amrahbank”, “Ata Bank” və “NBC Bank”ın əmanətçilərinə 83,9 milyon manat kompensasiya ödənilib.

Virtualaz.org bildirir ki, bu barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Tural Piriyev məlumat verib.

“İyunun 24-nə bu banklar üzrə 7 min 548 nəfərə 83,9 milyon manatlıq əmanətlər üzrə kompensasiya ödənilib”, - deyə o bildirib.

İcraçı direktorun sözlərinə görə, 4 bankda qorunan əmanətlərin həcmi 670,7 milyon manatdır.

T.Piriyev qeyd edib ki, bu banklarda qorunan əmanətlər üzrə kompensasiyaların həcmi aşağıdakı kimidir: “Amrahbank” - 17 min əmanətçi və 144,9 milyon manat; “Ata Bank” - 25,6 min əmanətçi və 254,4 milyon manat; “AG Bank” - 22,8 min əmanətçi və 134,2 milyon manat; “NBC Bank” - 8,7 min əmanətçi və 137,2 milyon manat

Bu bankların ümumi kredit portfeli 1 milyard 16 milyon manatdır: “Amrahbank” - 123,6 milyon manat, “Atabank” - 414,4 milyon manat, “NBCBank” - 173,5 milyon manat, “AGBank” - 305,4 milyon manat.

Tural Piriyev onu da deyib ki, ölkədə 21 bank tərəfindən verilən kreditlərin 58 faizə qədəri təminatsızdır. Amma onun sözlərinə gorə, bu, o demək deyil ki, onlar bağışlanılıb: “Onların bir çoxu üzrə ödənişlər edilir. Problemli kreditlər də var. Onlarla bağlı iş gedir, restrukturizasiya edilir”.

Xəbərlər