774
Kapital 21 aprel — 10:46

ABŞ nefti “o dünyanı” görüb qayıtdı: mənfi 38 dollara qədər ucuzlaşma...

Ötən gün ABŞ nefti tarixdə misli görünməmiş dərəcədə ucuzlaşıb. Hətta o dərəcədə ucuzlaşıb ki, satıcılar nefti almaq üçün alıcılara üstündə xeyli pul da ödəməyə razılaşıblar-bir barrel üçün 38 dollar!

Virtualaz.org xəbər verir ki, London və Nyu-York birjalarında WTI markalı neftin ildırım sürətli ucuzlaşması ötən gün aprelin 20-də günün ikinci yarısından başlayıb. Bakı vaxtı ilə axşam saat 22.00 radələrində artıq Amerika nefti alıcılara havayı təklif edilirdi, yəni 0 dollara. Lakin neftin “ölümü” bununla da dayanmadı və sonrakı saatlarda qiymət sıfırın altına enib sürətlə mənfi həddə doğru yuvarlanmağa başladı. İş o yerə çatdı ki, nefti üstündə 38 dollar qoyub alıcılara təklif etməyə başladılar. Söhbət may ayı üçün fyuçerslərdən (birja əqdlərindən) gedir.

Bu o deməkdir ki, neft istehsalçıları may ayında neft depolarının saxlama qabiliyyətinin tükənə biləcəyi qorxusuna görə alıcılara əmtəəni əllərindən almaq üçün pul ödəyirlər. Bütün dünya üzrə karantin tətbiqləri insanları evdə qalmağa məcbur etdiyinə görə neftə təlabat da azalıb.

Bazar ertəsi günü neftin qiymətindəki kəskin azalma qismən də olsa qlobal neft bazarının texniki cəhətləri ilə əlaqələndirilib. WTI markalı neftin iyun üçün qiyməti elə də çox düşməsə də, 20 dolların altında qalıb. Avropanın və bütün dünyanın istifadə etdiyi Brent markalı xam neftin qiyməti də iyun üçün 8.9 faiz azalaraq barreli 26 dollardan aşağı düşüb.

Rystad Energy neft araşdırmaları mərkəzinin başçısı Bjornar Tonhaugen deyib ki, indi neftə tələblə təklif arasındakı balanssızlıq özünü sözün əsl mənasında qiymətdə göstərməyə başlayıb: “Neft hasilatının həcmi bir o qədər də dəyişməyib, lakin anbarlar günbəgün dolur. Dünya getdikcə daha az neft işlədir və neft hasilatçıları bunun nə demək olduğunu indi tam başa düşürlər”.

“The Guardian” bundan əvvəl xəbər vermişdi ki, dünyanın iri neft portlarında lövbərlənmiş “supernəhəng” gəmi-tankerlərdə 160 milyon barrel neft yığılıb qalıb. ABŞ neftinin iyun ayı üçün füçers qiymətləri də aprelin 21-dən defolta düşəcək, lakin 1 barrel üçün 20 dollar qiymətini qoruyub saxlaya bilib.

Aprelin 20-də “Brent” markasından olan neft də birdən birə 8 faizdən də çox ucuzlaşaraq bir barrel üçün 25.67 dollara düşüb. Lakin “Brent” nefti dənizdən çıxarıldığı üçün onun bazarında vəziyyət nisbətən yaxşıdır. Beləki bu neft birbaşa tankerlərə doldurularaq ehtiyac olan yerlərə aparılır.

Hazırda koronavirus pandemiyasına görə son 25 ildə tələbat ən aşağı həddə enib. Neft anbarlarının buna bənzər dolması 2009-cu ilin maliyyə böhranı zamanı baş vermişdi, amma o vaxt dənizlərdəki tankerlərdə 100 milyon barrel neft yığılmışdı.

Virtualaz.org qeyd edir ki, London birjasında bu günkü hərraclarda ABŞ neftinin qiyməti yenidən müsbətə dəyişib, hazırda bu neftin bir barreli 1.5-2 dollara təklif edilir.

Virtualaz.org

Xəbərlər