1081
Kapital 6 aprel — 13:17

Neftin xilası üçün cəhdlər yenə dalana dirəndi

Neftin qiymətlərini dibə yuvarlanmaqdan xilas etmək üçün edilən cəhdlər yenə dalana dirənib. Belə ki, Rusiya hasilatı azaltmağa hazırdır, amma bir şərtlə-ABŞ özü də hasilatın kəskin azaldılmasına dair  yeni razılaşmaya qoşulsun.

Virtualaz.org xəbər verir ki, iri neft ölkələri arasında intriqaların davam etdiyi barədə “Bloomberg” agentliyi bildirir. Agentliyin söhbətləşdiyi mənbələr deyiblər ki, Rusiya hakimiyyəti ölkənin gündəlik neft hasilatının 10 faiz, yaxud 1 milyon barrel azaldılmasına hazırdır. Amma ola bilsin OPEC daha çox məhdudlaşdırma tələb edir. Mənbələrin dediyinə görə, daha sonra söhbət 1.5 milyon barrel ixtisardan gedə bilər.

Lakin az ağlabatandır ki, prezident Vladimir Putinin belə ssenari xoşuna gəlsin, ama buludlar sıxlaşır və Rusiya iqtisadiyyatını xilas etmək lazımdır. Situasiya o qədər qəliz və stavkalar o qədər yuxarıdır ki, indi nüfuzlu xəbər agentliklərinin adi xəbərləri belə ciddi qəbul olunur. Bildirilir ki, Rusiya hasilatın azaldılmasına dair yeni razılaşmaya ABŞ-ı da qoşmaq istəyir və bütün mümkün kanallarla Birləşmiş Ştatların qapısını döyür.

Bundan əvvəl Səudiyyə Ərəbistanı ilə Rusiyanın hasilatın sutkada 10 milyon barrel,  ola bilsin daha çox azaldılması üçün razılığa gəlməyə hazır olduqlarına dair xəbərlər yayılmışdı. Daha doğrusu, bu xəbərləri ABŞ prezident Donald Tramp özü açıqlamışdı və dərhal “Brent” neftinin qiyməti 17 faizə yaxın bahalaşaraq 35 dolları keçmişdi. Ardınca OPEC+ formatında videokonfrans yolu ilə aprelin 6-da danışıqların olacağı açıqlandı, bildirildi ki, tərəflər hasilatın 10-15 milyon barrel azaldılmasını müzakirə edəcəklər. Amma danışıqlar aprelin 9-na təyin olundu. Buna səbəb Putinin neftin indiki ucuzlaşmasına görə Səudiyyə Ərəbistanını günahlandırması barədə açıqlaması olmuşdu. Putin demişdi ki, səudiyyəlilərin məqsədi ABŞ-ın şist neft hasilatçılarını bazardan çıxarmaqdır. Bu açıqlama Ər-Riyadı bərk qəzəbləndirdi və danışıqların təxirə salındığı açıqlandı.

Neftegaz.ru portalı qeyd edir ki, hasilatı sutkada 1 milyon barrel azaltmaq Rusiya Üçün texniki baxımdan asan deyil. Bunun üçün şirkətlər 15 mindən çox neft quyusunu balamalıdır. Hansı ki, onları sonradan yenidən işə salmaq xeyli çətin prosesdir. Səudiyyə Ərəbistanı isə hasilatı 2 milyon barrel azaltmaq üçün cəmi 200 quyunu bağlamalı olacaq ki, onların sonradan işə salınması elə də çətinlik törətmir. Belə ki, Səudiyyə Ərəbistanında quyuların məhsuldarlığı qat-qat yüksəkdir.

Rusiya mənbələri deyirlər ki, indiki anlaşmanın əldə edilməsinin taleyi ABŞ-dan asılıdır. Çünki Rusiya böyük qurbanlar hesabına hasilatı azaltmalı olacaq, belə vəziyyətdə ABŞ da hasilatı azaltmalıdır. Lakin prezident Tramp artıq bildirib ki, ABŞ-ın hasilatın azaldılmasına dair razılaşmaya qoşulmaq niyyəti yoxdur, çünki onsuz da qiymətin aşağı düşməsi nəticəsində Birləşmiş Ştatlarda hasilat azalıb. Belə vəziyyətdə ABŞ prezidentini fikrindən daşındırmaq üçün gərək Rusiya çox sərfəli hansısa təklif irəli sürsün.

“Bloomberg” agentliyi də indiki sövdələşmənin əldə edilməsinin taleyinin ABŞ-dan asılı olduğunu, həm Səudiyyə Ərəbistanının, həm Rusiyanın ABŞ-ın hasilatı azaltmağa razılaşmasını gözlədiklərini yazır. Amma qeyd olunur ki, ABŞ-ın buna hazır olduğu barədə heç bir siqnal yoxdur. Belə vəziyyətdə aprelin 9-da OPEC+ ölkələrinin energetika nazirlərinin videokonfransına nəticə əldə etmək şansı da azalır.

Artıq birjalar da bu kimi bədbin xəbərlərə reaksiya verib və “Brent” nefti müvəqqəti bahalaşmadan sonra yenidən ucuzlaşmaqdadır.

F.Məmmədov

Virtualaz.org

Xəbərlər