607
Kapital 24 mart — 18:44

Koronavirusla Mübarizəyə Dəstək Fondu "ASAN ödəniş" sisteminə inteqrasiya olundu

Koronavirusla Mübarizəyə Dəstək Fondu üzrə ödənişlər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “ASAN ödəniş” sisteminə inteqrasiya olunub.

Agentlikdən virtualaz.org-a verilən məlumata görə, Koronavirusla Mübarizəyə Dəstək Fondu üçün ianə etmək istəyən istənilən hüquqi və ya fiziki şəxs ödənişləri sistem üzərindən istənilən yerdən, 24/7 rejimində ödəyə bilər.

Fonda ödəniş etmək istəyən şəxs www.asanpay.az portalında və ya “ASAN ödəniş” mobil tətbiqində “digər xidmət ödənişləri” bölməsinə daxil olaraq “Koronavirusla Mübarizəyə Dəstək” düyməsinin üzərinə klik edir. Bundan sonra FİN və ya VÖEN üzrə axtarış edərək ödənişi həyata keçirir.

Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 113 məhkəmə orqanı, 7 publik hüquqi şəxs, dövlətə məxsus 10 hüquqi şəxs və 2 təhsil müəssisəsi olmaqla 241 dövlət qurumunun cərimə, vergi-rüsum, kommunal, lizinq, kredit, xidmət haqqı və digər istiqamətlərdə 600-dən artıq xidməti üzrə ödənişləri “ASAN ödəniş” sistemi vasitəsi ilə həyata keçirilir.

Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu 19 mart 2020-ci il tarixində Prezident İlham Əliyevin, Azərbaycanda əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Fərmanı ilə yaradılıb.

Xəbərlər