1106
Kapital 27 yanvar — 10:39

Ölümcül Çin virusu nefti “vurmaqda” davam edir

Dünya birjalarında neftin qiyməti yeni həftənin ilk hərraclarında da aşağı düşməyə başlayıb. Virtualaz.org xəbər verir ki, London İCE birjasında bu gün səhər saatlarında başlayan hərraclarda “Brent” markalı neftin qiyməti 60 dollardan aşağı düşüb və bu saatlara görə 59 dollara yaxın idi. Bu da ötən həftənin sonuna nisbətən 2.2 faizlik ucuzlaşma deməkdir.

Neftin qiyməti 60 dollardan aşağı sonuncu dəfə ötən ilin noyabrında düşmüşdü. Həmin vaxt “Brent” nefti qısa müddətə 59.76 dollara satılmışdı.

Hərraclarda WTI markalı Amerika nefti də ucuzlaşıb və 52.9 dollara enib. Analitiklər qeyd edirlər ki, yanvarın üçüncü ongünlüyündən başlayaraq neftin kəskin ucuzlaşması Çində insanlar arasında yayılan koronovirusdur. Ölümcül virusa görə Çinə aviareyslər azalır, aviasiya yanacağına tələbat azalır. Habelə bir çox ölkələr Çinlə ticarət əlaqələrini məhdudlaşdırırlar, ölkənin özündə isə bir sıra iri şəhərlərdə karantin elan edilib, iş yerləri bağlanıb və bütün bunlar iqtisadiyyata mənfi təsir göstərir. Bir qayda olaraq Çin iqtisadiyyatında baş verənlər neftin qiymətlərinə dərhal təsir edir.

Analitiklər neftə olan tələbatın daha da azalacağını, nəticədə qiymətlərin enməkdə davam edəcəyini proqnozlaşdırırlar. Qeyd edək ki, Azərbaycanın 2020-ci il üçün dövlət büdcəsində neftin qiyməti 55 dollardan götürülüb. Qiymətin 50 dollardan aşağı düşməsi hasilatçı şirkətlər üçün sərfəli deyil.

Bu arada AxiCorp şirkətindən Stefan Innes xəbərdarlıq edib ki, virusun Çinə və dünyaya iqtisadi zərbəsi nəhəng ola bilər. Onun sözlərinə görə, qlobal iqtisadiyyata ən böyük təhdid təkcə xəstəliyin qlobal səyahət vasitəsilə sürətlə yayılması ilə əlaqədar deyil. “Çinin nəhəng sənaye və istehlak mühərriklərinə iqtisadi şok sürətlə digər ölkələrə də yayılacaq və bu qloballaşma ilə əlaqədar gücləndirilmiş ticari və maliyyə əlaqələri vasitəsilə baş verəcək”, – o bildirir.

Analitikin sözlərinə görə, 2003-cü ildə SARS dünyada inkişaf etmiş bazarlara daha az təsir göstərib, bu dəfə isə dünyanın qalan hissəsi epidemiyanın zərbəsini daha çox hiss edə bilər.

Qlobal neft nəhəngi BP-nin prezidenti Robert Dadli isə Davos Forumunda çıxışı zamanı dünyada bahalı neft erasının başa çatdığını bildirib. Onun mövqeyinə görə, neftə olan tələbat tədricən azalacaq, onun yerini təbii qaz və digər enerji mənbələri tutacaq.

Dadli neftin qiymətinin yenidən 100 dollara çatmasına imkan verən dövlərin təkrarlanacağı ehtimalını çox aşağı hesab edir. “Şübhəsiz ki, neft hələ on illər boyu neft-kimya kompleksində istifadə ediləcək. Lakin elektrik enerjisinin hasilatında neftin yerini tədricən təbii qaz və digər enerji mənbələri tutacaq, neftdən istifad get-gedə azalacaq. Tələbatın kəskin azalması artıq bu onillikdə müşahidə olunacaq”,-o deyib.

 

Virtualaz.org

Xəbərlər