2049
Kapital 3 dekabr — 23:07

“Əli Əliyevin qohumu şirkətimin sənədlərini oğurlayıb məni şantaj etdi, 1 milyon dollar istədi...”

Ukraynada fəaliyyət göstərən və Türkiyənin İzmir bölgəsindən olan iş adamı Cüneyt Zencirci Azərbaycan Ukrayna İş adamları və Sənayeçiləri Birliyinin (ATU) sədri Əli Əliyevin toruna düşdüyünü bildirir.

Virtualaz.org xəbər verir ki, türkiyəli iş adamının bildirdiyinə görə, Əli Əliyev qohumu Əfqan İbrahimovu təsis etdiyi şirkətində icraçı direktor təyin etməyə inandırıb. Lakin 2019-cu ilin yanvarında həmin Əfqan İbrahimov Zencircinin şirkətinin maliyyə sənədlərini, kompüterini və avtomobilin satışından əldə edilən 91 min dolları götürərək aradan çıxıb. Və daha sonra şirkətin sənədlərini qaytarmağın əvəzində ondan 1 milyon dollar istəyib.

Cüneyt Zencircinin başına gələnlər haqda danışdıqları türk saytlarından birində (http://www.karamandan.com/Dunya_Gundemi-Turk_is_insanina_Ukraynada_dolandiricilik_vurgunu-i80161.html)yer alıb. O deyir ki, 2011-ci ildə biznes qurmaq üçün Kiyevə gedib. Zencirci orada “A&A” adlı hüquq bürosunun sahibi olan Əli Əliyevlə tanış olub. Və Ukraynada şirkət təsis etmək, biznes qurmaq üçün onun hüquqi yardımlarından istifadə edib. Əli Əliyev türkiyəli iş adamını inandırıb ki, təsis etdiyi şirkəti gərək etibarlı adam idarə etsin və həmin vəzifəyə öz qohumu Əfqan İbrahimovun təyin edilməsinə onu inandırıb.

Lakin həmin adam, Zencircinin bildirdiyi kimi, şirkətin maliyyə fəaliyyətinə, işgüzar əlaqələrinə dair sənədləri, habelə 91 min dolları götürərək aradan çıxıb. “Çox sonradan öyrəndim ki, bu adam sadəcə olaraq Əli Əliyevin “Troya atı” imiş...”,-türkiyəli biznesmen bildirir.

Zencirci belə vəziyyətlə üzləşəndə həmin Əli Əliyevə müraciət edib, amma Əliyev “məni bu işə qatma” deyib və ona kömək etmək istəməyib. Türkiyəli iş adamı bu cavab qarşısında şok keçirib. Zencirci deyir ki, araşdıranda Əli Əliyevin özünün də ixtisasca hüquqşünas olmadığını, Ukraynadakı türkiyəli iş adamlarına özünü yalandan hüquqşünas kimi təqdim etdiyini bildirib.

“Əli Əliyevin yanına getdim, məsələni ona danışdım. Amma o çox ilginc şəkildə “məni bu işə qarışdırma” dedi və heç bir kömək göstərə bilməyəcəyini dedi. Məsələni polisə və məhkəməyə şikayət edəcəyimi dedim, ondan tələb etdim ki, şirkətimin təsis sənədlərinin surətini versin. Amma mənə aid olan sənədləri vermək istəmədi. Həmin gün şirkət müdirim Əfqan İbrahimov mənimlə əlaqə saxladı, Əliyevin ofisinə getdiyimi eşitdiyini dedi və bildirdi ki, polisə şikayət etməklə heç nə əldə edə bilməz. Və kompüterin və sənədlərin geri qaytarılması üçün məndən 1 milyon dollar istədi. Bu şantaj qarşısında şok oldum və təkrarən Əli Əliyevə müraciət etdim. Amma heç bir kömək etmədi və onların bu qurğunu mənə qarşı birlikdə qurduqlarına əmin  oldum”,-Zencirci deyib.

Və türkiyəli iş adamı polisə şikayət edib və Ukrayna hüquq-mühafizə orqanları Əfqan İbrahimovu axtarışa verib. Zencirci deyir ki, araşdıranda bu adamın Ukraynada daha 6 şirkətin icraçı direktoru olduğunu, “Demir inşaat” şirkətinin Ukrayna üzrə baş direktorunu də aldatdığını öyrənib.

Bəs həmin Əli Əliyev kimdir? Virtualaz.org bu şəxsin adına və fotosuna Azərbaycanın Ukraynadakı səfirliyinin 2017-ci ilin oktyabrında yaydığı bir press-relizdə rast gəlib.

Orada deyilir: “Kiyev şəhərində Azərbaycan Ukrayna İş Adamları və Sənayeçiləri Birliy ilə Ukrayna Türk İşadamları Dərnəyinin birgə toplantısı keçirilib.Toplantıda Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev,Türkiyənin Ukraynadakı səfiri Yönet Can Tezel, Azərbaycan ,Türkiyə və Ukraynadan olan İş adamları iştirak edib.Toplantıda çıxış edən Azərbaycan Ukrayna işadamları və Sənayeçiləri Birliyinin sədri Əli Əliyev və Ukrayna Türkiyə işadamları Dərnəyinin başqanı Burak Pəhlivan rəhbərlik etdikləri qurumların fəaliyyəti və gələcək planları barədə ətraflı məlumat veriblər. Son illər Azərbaycan və Türkiyənin iri şirkət və firmalarının Ukraynada yol ,tikinti və bir sıra infrastruktur layihələrin həyata keçirilməsində yaxından iştirak etdiyini bildiriblər...”

virtualaz.org

 

Xəbərlər