191
Kapital 15 noyabr — 22:04

10 ayda Azərbaycana minik avtomobillərinin idxalı 84% artıb

2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycana 35,457 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 83,4% çoxdur.

Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Hesabat dövründə respublikaya gətirilən avtomobillərin böyük hissəsi – 31,934 min ədədi (artım 84,1%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb.

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycana yük daşımaları üçün nəzərdə tutulmuş 2,934 min ədəd motorlu nəqliyyat vasitəsi (artım 70,4%) və 148 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (artım 64,4%) idxal edilib.

Bundan başqa, qeyd olunan dövrdə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün 441 ədəd (artım 2,5 dəfə) motorlu nəqliyyat vasitəsi gətirilib.

Xəbər verildiyi kimi, 2018-ci ildə Azərbaycana avtomobil nəqliyyatı vasitələrinin idxal həcmi 2017-ci illə müqayisədə 2,2 dəfə artaraq 28,876 min ədəd təşkil edib. Sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin idxal həcmi isə 2,3 dəfə - 26,147 min ədədə qədər artıb.

Xəbərlər