670
Kapital 14 noyabr — 16:52

Türkiyədə “Brama” toyuqları yetişdirib Azərbaycana satan Emrah Bilgi yaxşı qazanır

Türkiyənin Manisa bölgəsində yaşayan Emrah Bilgi “Brama” cinsli toyuqlardan ibarət quşçuluq təsərrüfatı yaradıb. Təxminən 10 ilə yaxındır ki, Rumıniyadan gətirdiyi cins cücələrlə təsərrüfat quran fermer Azərbaycanda bu toyuqlara böyük tələbat olduğunu deyir.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, quşçuluq təsərrüfatından Azərbaycanla yanaşı İran və İraqa da cins toyuqlar göndərilir. 7-8 kq çəkisi olan bu quşların həm ətinin, həm də yumurtasının çox faydalı olduğu bildirilir.

“3 min lirə kredit götürərək Rumıniyadan cins cücələr gətirdim. Onlar böyüdülər və saylarını artırmağa başladım. 5 il əvvəl çəkmə fabrikindəki işimdən çıxdım və özümü tamamilə bu təsərrüfata həsr etdim”, - fermer deyib.

"Bu işə başlamazdan əvvəl ailəm haqqında düşündüm. Toyuq və xoruzlar uşağıma zərər verəcəkmi? Lakin öyrəndim ki, “Brama” cins toyuq və xoruzların gözəlliyi üçün bəslənir. Bu quşların boyu 95 santimetrə, çəkiləri 7-8 kiloqrama qədər çata bilər. İnsanlar bu toyuq və xoruzların qiymətini eşidəndə  “quzu satırsınız?” deyə sual edirlər. Amma fikrimcə, bunlar çox qiymətli heyvanlardır", - E. Bilgi qeyd edib.

Fermer bildirib ki, 2018-ci ilin yanvar ayında İstanbulda təşkil edilən heyvanların gözəllik yarışmasında təsərrüfatında yetişdirdiyi “Sancaq"adlı cins xoruz birincilik əldə edib. Növbəti il təşkil olunan yarışda isə “Selimşah” adını verdiyi xoruz qalib olub. O, yarışmada qalib gələn “Sancaq”ı 5 min 500 lirəyə satıb.

E. Bilginin sözlərinə görə, bu hobbisinin sayəsində dolanışığı xeyli yaxşılaşıb. O, cins toyuqların yumurtalarından da yaxşı qazanc əldə edir. Yumurtalar ölçüsündən asılı olaraq 35-40 lirəyə satılır. “Bu toyuqlar gündə bir dəfə yumurtlayırlar. İran, İraq və Azərbaycanda onlara çox tələbat var. Tələbatla ayaqlaşa bilmirəm, çünki çox yüksəkdir. Bəzən 15-20 nəfər yumurta almaq üçün növbə gözləyir”.

Keçən il 200 xoruz və toyuq satdığını bildirən Bilgi ümumilikdə 200 min lirə qazanc əldə etdiyini deyib. Hazırda isətəsərrüfatda 50 toyuq və xoruz var.

Qeyd edək ki, son bir neçə ildə Azərbaycanda da bu toyuqlardan ibarət quşçuluq təsərrüfatları yaradılıb. Lənkəranın Vilvan kəndində Sərraf Səmədova məxsus fərdi quşçuluq təsərrüfatında bir neçə ildir ki, “Brama” cinsli yoyuqlar yetişdirilir. Fermer Rusiyadan gətirdiyi 5-6 cins quşu artıraraq 400-ə çatıdırıb. Hazırda bu toyuqların qiymətləri 50-55 manatdan başlayır, 80-100 manata qədər davam edir.

Brama “Malay” və “Koçin” cinslərinin cütləşdirilməsi ilə əldə edilən Asya cinsidir. Bunlar gözə çarpan və gözəl heyvanlardır. İl ərzində 100 - 120 arası yumurta verirlər.

Xatırladaq ki, daha əvvəl Türkiyədən “Ameraukana” cinsli toyuq təsərrüfatlarından Azərbaycana yaşıl yumurtanın ixrac olunduğunu yazmışdıq. Türkiyəli fermer Azərbaycanda bu yumurtaya böyük tələbat olduğunu və hər il xeyli sifariş aldıqlarını bildirmişdi.

G.Əliyeva

Virtualaz.org

Xəbərlər