407
Kapital 7 noyabr — 22:24

"TANAP-dan 3 milyard kubmetr Azərbaycan qazı tükətdik..."

TANAP-ın baş meneceri Saltuk Düzyol bu kəmərlə Türkiyəyə oktyabr ayının sonuna qədər Azərbaycandan  3,08 milyard kubmetr təbii qaz çatdırıldığını söyləyib.

Virtualaz.org türk mətbuatına istinadən bildirir ki, Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) baş meneceri Saltuk Düzyol  Akdeniz Enerji Tənzimləyicilər Birliyinin (MEDREG) Brüsseldə keçirilən illik forumunda bu haqda danışıb.

“Trans Adriatik Boru Kəməri (TAP) layihəsinin işə düşməsi üçün  bir qədər daha çox zamana ehtiyac duyuruq. Hal-hazırda Türkiyə üzərinə düşən öhdəlikləri bu məsələdəki ortağı Azərbaycanla birlikdə yerinə yetirmiş vəziyyətdədir ", - deyə Düzyol Cənub Qaz Dəhlizinin ən vacib hissəsi olan TANAP-ın artıq fəaliyyətə başladığını xatırladıb.

Düzyol TANAP-ın şərqindən qərbinə qədər bütünlüklə "qazla təmin olunduğunu" və lazımi sınaqların tamamlandığını diqqətə çatdırıb: "İnşallah gələn il kommersiya qaz axınının başlanması ilə bu yeni dəhliz Azərbayanı Avropanın yeni qaz tədarükçüsü edəcəkdir".

TANAP-la 16 aydır Türkiyəyə qaz axınının davam etdiyini vurğulayan Düzyol qeyd edib ki, bu kəmərlə Türkiyəyə 2019-cu ilin oktyabr ayının sonuna qədər etibarən 3,08 milyard kubmetr təbii qaz çatdırılıb.

Düzyol TANAP-da ilk il üçün 2 milyard kubmetr, 2019-ci ilin iyun ayından 2020-ci ilin iyun ayının sonuna qədər 4 milyard kubmetr təbii qaz almaq öhdəlikləri olduğunu xatırladaraq deyib: "Türkiyə 2020-ci ilin iyun ayı sonundan etibarən ildə 6 milyard kubmetr təbii qaz almağa başlayacaq. Bundan  sonra TAP hazır olduqda, ən qısa müddətdə 2022-ci il və ya 2023-cü illərdə tam gücü əldə edəcəyik və dəhlizlə qaz nəqli həcmini 16 milyard kubmetrə çatdıracağıq", əlavə edib.

Azərbaycan təbii qazının Türkiyə bazarında ən uyğun qiymətə olduğuna diqqəti çəkən Düzyol deyib ki, TANAP ilə daşıdıqları qazın hazırda Türkiyənin mövcud təchizatçı ölkələrdən idxal etdiyi ən ucuz qazdır.

“Bu mənada BOTAŞ-ın orta alış xərclərinin aşağı salınması nöqtəsində Azərbaycan qazının payının artması fövqəladə əhəmiyyətlidir. Azərbaycanla ilk təbii qaz razılaşması 6,6 milyard kubmetr miqdarı əhatə edib. TANAP-ın təmin edəcəyi 6 milyard kub metrlik həcmlə yanaşı gələn ildən başlayaraq cəmi 12,6 milyard kub metr Azərbaycan  təbii qazı Türkiyədə tükədiləcək”, - deyə baş menecer diqqətə çatdırıb.

TANAP-da ilk razılaşma Türkiyə-Azərbaycan arasında  24 dekabr 2011-ci ildə imzalanıb. Bu çərçivədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən TANAP Təbii Qaz Çatdırılma Şirkəti yaradılıb. Şirkətə TANAP-ın dizaynını, inşasını və istismarını başa çatdırmaq üçün layihə sahibi kimi səlahiyyət verilib. Layihənin hüquqi infrastrukturu 26 İyun 2012-ci ildə İstanbulda Türkiyə və Azərbaycan arasında imzalanmış hökumətlərarası saziş və "Ev sahibi Hökumət Sazişi" ilə yaradılıb. “Ev sahibi Hökümət Sazişi” 10 sentyabr 2014-cü il tarixində TBMM tərəfindən təsdiq edilib. 17 mart 2015-ci il tarixində Qarsda prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Cənub Qaz Dəhlizinin ən böyük hissəsi olan 850 km uzunluğunda nəhəng boru kəmərinin təməlqoyma mərasimi keçirilib.

TANAP-ın Türkiyə-Gürcüstan sərhədində Ardahan Posof mahalı Türkgözü kəndində başlayan marşrutu, Qars, Ərzurum, Erzincan, Bayburt, Gümüşhane, Giresun, Sivas, Yozgat, Kırşehir, Kırıkkale, Ankara, Eskişehir, Biləcik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala , Tekirdağ və Ədirnə olmaqla 20 əyalət və 67 mahaldan keçərək Türkiyə-Yunanıstan sərhədində sona çatır.

Ümumi tutumu 16 milyard kubmetr olan boru xəttinin Türkiyə-Gürcüstan sərhədində başlayan və Eskişehir çıxış stansiyasına çatan Faza 0 hissəsində ilk test qazı 23 yanvar 2018-ci ildə nəql edilib. Faza 0-ın rəsmi açılışı 12 İyun 2018-ci ildə Eskişehirdə prezident Ərdoğan və Azərbaycan prezidenti Əliyevin iştirakı ilə edilib. Rəsmi açılışdan sonra 30 iyun tarixində ticarət əməliyyatları həyata keçirilib.

Virtualaz.org

Xəbərlər