2453
Kapital 19 sentyabr — 16:15

Xəstələrdən “bıçaq pulu” alan cərrah Elnarə Məmmədova həbs edildi

Türkiyənin Hakkari şəhərindəki dövlət xəstəxanasında çalışan plastik cərrahiyə mütəxəssisi, tibb elmləri namizədi, 38 yaşlı Elnarə Məmmədovanın həbsi sosial şəbəkədə gündəm olub.

Virtualaz.org xəbər verir ki, xüsusilə qonşu ölkənin xəbər saytlarının şərh bölməsində qızğın mübahisələr balayıb. Əksəriyyət xəstəxanalarda “bıçaq pulu” adı ilə illərdir rüşvət istənildiyini yazıb. Hətta İstanbul, Ankara, İzmir kimi böyük şəhərlərdə “bıçaq pulu” vermək istəməyənlərin aylarla əməliyyat üçün gözlədiklərini qeyd ediblər. Ölkənin Səhiyyə Nazirliyindən bütün xəstəxanalarda araşdırma aparmasını tələb edənlər də var.

Eyni zamanda, Elnarə Məmmədovanın peşəkar olduğunu, sadəcə şanssızlıqdan yaxalandığını yazıb, bölgədə həkim çatışmadığı üçün azadlığa buraxılmasını istəyənlər də çoxdur. Bir çoxları isə əcnəbi vətəndaşların dövlət xəstəxanasında işə götürülməsinə qarşı çıxaraq ölkənin Səhiyyə Nazirliyindən açıqlama tələb ediblər.

E.Məmmədovanın adı Hakkari dövlət xəstəxanasının rəsmi saytından çıxarılmayıb, amma onunla bağlı geniş məlumat yer almayıb. Məmmədova həmin xəstəxanada iki ilə yaxındır çalışır, lakin onun əvvəllər harada çalışdığı məlum deyil. Həkimin Azərbaycandakı özəl klinikalarda işləməsi ilə bağlı yazılanlar isə təsdiqini tapmır. Sosial şəbəkə istifadəçilərindən biri Məmmədovanın Ankarada təcrübə keçdiyini, tədbirlərdə fəal iştirak etdiyini qeyd edib.

Qeyd edək ki, həkimin günahı sübuta yetirilərsə onu 5 ildən 10 ilədək həbs cəzası gözləyir.

*   *   *06:47

Türkiyənin kürdlər yaşayan Hakkari şəhərindəki Dövlət Xəstəxanasında işləyən plastik cərrah, Azərbaycan vətəndaşı Elnarə Məmmədova xəstələrindən “bıçaq pulu” adı ilə rüşvət aldığı üçün həbs edilib.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, plastik cərrahiyə mütəxəssisi, tibb elmləri namizədi, 38 yaşlı Elnarə Məmmədova Hakkari Dövlət Xəstəxanasında 2017-ci ildən bəri işləyirdi. İddialara görə o, müalicə üçün yanına gələn azı 8 xəstədən müxtəlif məbləğlərdə “bıçaq pulu” istəyib. Xəstə yaxınlarının bu barədə polisə şikayətindən sonra cərrahın barəsində təhqiqat başlayıb.

 Hakkari Polis Müdirliyinin əməliyyatçıları 3 ay davam edən texniki və fiziki təqibdən sonra Məmmədovanı xəstə yaxınlarından seriya nömrələri əvvəlcədən müəyyən edilmiş 1500 TL-ni alarkən cinayət başında yaxalanıb. Onun barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Virtualaz.org

Xəbərlər