195
Kapital 18 iyun — 20:51

4 ayda Azərbaycanın xarici ticarət dövriyyəsi 10,9 milyard dollar olub

Cari ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 10,9 milyard ABŞ dolları təşkil edib.

Virtualaz.org Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla yanvar-aprel aylarında ölkənin xarici ticarət dövriyyəsi 10 milyard 965,2 milyon dollar, o cümlədən ixracın dəyəri 6 milyard 415,8 milyon dollar, idxalın dəyəri 4 milyard 549,4 milyon dollar təşkil edib, nəticədə 1 milyard 866,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ötən ilin eyni ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 17,7 faiz, o cümlədən idxal 50,3 faiz, ixrac 1,9 faiz artıb. Real ifadədə isə dövriyyə 7,3 faiz, o cümlədən idxal 19,5 faiz, ixrac 1,4 faiz çoxalıb.

İxracın 29,8 faizini İtaliyaya, 10,7 faizini Türkiyəyə, 7,8 faizini Çinə, 6,3 faizini İsrailə, 5,3 faizini Almaniyaya, 5,1 faizini İspaniyaya, 4,7 faizini Hindistana, 3,6 faizini Fransaya, 3,3 faizini Çexiyaya, 3,1 faizini Gürcüstana, 3 faizini Portuqaliyaya, 2,5 faizini Rusiyaya, 14,8 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,2 faizi İsveçrə, 14,5 faizi Rusiya, 9,7 faizi Türkiyə, 8,3 faizi Çin, 5,3 faizi İran, 4,6 faizi Almaniya, 4,2 faizi ABŞ, 3,1 faizi Ukrayna, hər biri 2,8 faiz olmaqla İtaliya və Kanada, 2,7 faizi Avstraliya, 2,3 faizi Qazaxıstan, 23,5 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

Xəbərlər