2126
Kapital 12 mart — 10:37

Qod Nisanov hakimiyyətin qəzəbinə tuş gəldi, pullarını xaricə çıxarır

Moskvada azərbaycan əsilli milyarderlər Qod Nisanovla Zarah İliyevə məxsus bazarlarda dünəndən etibarən DİN, Federal Miqrasiya Xidməti və FTX-nin keçirdiyi kütləvi reydlərin əsl səbəbi üzə çıxıb. Virtualaz.org xəbər verir ki, Rusiya mənbələri Qod Nisanovun hakimiyyətin qəzəbinə tuş gəldiyini və pullarını xaricə qaçırmağa başladığını yazır.

Xatırladaq ki, ötən gün Moskvadakı “Sadovod” və “Moskva” ticarət mərkəzlərində kütləvi reyd olub. Əsasən azərbaycanlılar olmaqla onlarla miqrant saxlanılıb. Reydlərin mütəşəkkil cinayətkarlıqla mübarizə çərçivəsində keçirildiyi açıqlanıb. Məlumatlara görə polisi və FTX əməkdaşlarını həmin bazarlarda qeyri-leqal pul dövriyəsi və bitkoin əməliyyatları maraqlandıra bilərdi.

Bu gün isə səhər saatlarından etibarən nəhəng “Food City” topdansatış bazasına kütləvi reyd olub və hazırda davam etməkdədir. Bu bazarların hər üçü “Kiyevskaya ploşad” şirkətlər qrupuna məxsusdur. Həmin şirkətlər qrupunda Qod Nisanovla Zarah İliyevin üçüncü ortağı əvvəllər digər azərbaycanlı oliqarx İlham Rəhimov idi. Lakin ötən il ABŞ-ın Kremlə bağlı rusiyalı oliqarxlara sanksiyalar tətbiq etməyə başlamasından sonra İlham Rəhimov öz səhmlərini kürəkəni, Azərbaycan vətəndaşı Araz Mehdiyevə verərək biznesdən formal olaraq çəkildi.

Hüquq-mühafizə orqanlarında etibarlı mənbələri olan “Prestupnaya Rossiya” saytı yazır ki, bazarlarda dünəndən başlayan kütləvi reydlərin əsl səbəbi bir çox KİV-lərin təxmin etdiyi kimi qatarbayterlər deyil, həmin bazarların sahiblərindən biri Qod Nisanovdur.

Rəsmi versiyaya görə güc strukturlarının əməkdaşları martın 8-də Beloreçenskdə baş vermiş kütləvi dava ilə bağlı bazarlarda reyd keçiriblər. Lakin saytın bildirdiyinə görə əsl səbəb bu deyil. Reydlərdən əvvəl Qod Nisanova israrla təklif ediblər ki, Moskvadakı yeni iri dövlət layihələrini maliyyələşdirsin. Lakin biznesmen bundan imtina edib, çünki Nisanov daha Moskvaya pul yatırmağı planlaşdırmır və bütün aktivlərini xaricə çıxamağa başlayıb.

“Qod Nisanov aktivlərini Rusiyadan çıxarır, axırda isə onun “piyini almağı” qərara alıblar”-mənbə belə deyib.

 Həmin mənbə deyir ki, Nisanova iradlar məhz onun Moskva hakimiyyətinin yeni layihələrinə pul yatırmaqdan imtina etməsindən sonra başlayıb. Yəni güc strukturlarının keçirdikləri reydləri biznesmenə təzyiq aləti kimi dəyərləndirmək lazımdır.

Məlumata görə “Sadovod” və “Moskva” ticarət mərkəzlərində işləyənlər reydlər barədə əvvəlcədən məlumat almışdılar və qaçıb gizlənmişdilər. Nəticədə ələ keçənlər getməyə yer olmayan əlacsızlar olub. “Sadovod”da işləyən satıcılardan biri deyib ki, hazırda evdədir və 3-4 gün bazara çıxmamağı qərara alıblar. Çünki vəziyyət yaxşı deyil. Elə bu gün “Food City”də reydlər başlayanda da kimsə yanğın xəbərdarlığını işə salıb və satıcıların əksəriyyəti aradan çıxıb.

Mənbənin bildirdiyinə görə Nisanovun sərbəst vəsaitləri var, lakin o Rusiyadakı layihələrə daha pul qoymaq istəmir. Məlumatda deyilir ki, Nisanov tezliklə qanunsuz bank fəaliyyəti və qeyri-leqal miqrasiya üzrə cinayət işinin fiqurantı ola bilər.

Bu yaxınlarda Rusiya Mərkəzi Bankının maliyyə monitornqi və valyuta nəzarəti departamentinin rəhbəri Yuru Polupanov bildirmişdi ki, “Sadovod” və “Moskva” kriptovalyutaların alqı-satqısı üzrə liderdir. Onun sözlərinə görə, həmin bazarlarda kriptovalyuta fermaları yaradılıb. Kriptovalyutanın əsas alıcıları isə çinlilərdir. Onlar bu yolla vergidən yayınırlar. Polupanov həmin bazarlarda ayda 600 milyard rublun qanunsuz dövr etdiyini demişdi.

Xatırladaq ki, Qod Nisanov indiyədək Kremlin sevimli oliqarxlarından idi.

Virtualaz.org

 

Xəbərlər