367
Kapital 14 mart — 15:10

Azərbaycanda qoruqda ov edən Qətər vətəndaşı cərimələndi

Azərbaycanda qanunsuz ov etməyə cəhd edən Qətər vətəndaşı saxlanılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, martın 13-də Ağgöl Milli Parkının 4 nömrəli mühafizə postunun ərazisinə qanunsuz daxil olan 49-BF-118 dövlət qeydiyyat nömrə nişanlı “Niva” markalı minik avtomobili nazirliyin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı avtomobildə qızılquş tutmaq üçün tor, ev göyərçini, quşların yerini müəyyən etmək məqsədilə xüsusi cihazlar aşkar edilib.

Araşdırma zamanı qanunsuz olaraq ova cəhd edən şəxsin Qətər vətəndaşı Saif Mubarak Al-Hajri olduğu məlum olub.

Faktla bağlı qanun pozucusu barəsində akt və protokol tərtib olunub və ona inzibati qaydada 2000 manat məbləğində cərimə tətbiq edilib.

Ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.

Virtualaz.org

Xəbərlər