121
Dünya 25 Noyabr 2021, 10:58

Şükranlıq bayramında yoluxmalar artır

Noyabrın 25-də onmilyonlarla amerikalı ailəsi və dostları ilə Şükranlıq bayramını qeyd edir. Bu isə COVID-19-a yoluxmaların artımı üçün münbit şərait yaradır.

ABŞ-da gündəlik yoluxmalar 100 minə çatır ki, bu da son iki həftəylə müqayisədə 25 faizədək artım deməkdir. Yeddi günlük ortalama gündəlik yoluxma 1400 civarındadır. Bəzi qaynar nöqtələrdə hospitalizasiya yüksəlir. Amerika Avtomobil Assosiasiyası bayramla əlaqədar 50 milyonadək adamın maşınla səyahətə çıxacağını bildirir. Bu həftə hava ilə səyahət edənlərin sayı pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşa, hətta onu keçə bilər.

Hazırda yaşı 5 və yuxarı olan amerikalıların 63 faizə yaxını tam peyvənd olunub. Bu səbəbdən çoxları dostları və ailəsi ilə bir yerə yığışmağın təhlükəsiz olduğunu düşünürlər. Səhiyyə rəsmiləri isə yenə də ehtiyatlı olmağa çağırırlar. Amma onlar daha ötən ilki kimi Şükranlığı bir yerdə keçirməmək çağırışları səsləndirmirlər.

Avropada vəziyyət isə ürəkaçan deyil. Qitənin bəzi yerlərində yoluxmalar rekord vurur, pandemiyanın episentrinə çevrilir. Noyabrın 24-də AB-nin səhiyyə agentliyi üzv ölkələri COVID-19-a yoluxma və ölümləri önləmək üçün məhdudlaşdırıcı tədbirlər görməyə çağırıb. “İlsonu bayram mövsümündə ənənəvi olaraq sosial tədbirlər, bazarlıq və səyahət həyata keçirilir. Bütün bunlar isə delta ştammının daha intensiv yayılma riskini artırır”, – Avropa Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi bildirib.

Dünya Səhiyyə Təşkilatı (DST) bir gün öncə bildirmişdi ki, martadək Avropada COVID-19-dan daha 700 min nəfər ölə bilər.

Xəbərlər