234
Dünya 29 noyabr — 15:37

Fransada etiraz aksiyaları

Fransada şənbə günü (28 noyabr – red.) “Qlobal təhlükəsizlik haqqında” qanundan narazı olan şəxslərin keçirdiyi etiraz aksiyaları zamanı baş verən iğtişaşlarda hüquq-mühafizə orqanlarının 60-dan çox əməkdaşı xəsarət alıb.

Bu barədə Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, paytaxt Parisdə 29, digər şəhərlərdə isə 39 polis əməkdaşı xəsarət alıb. Eyni zamanda, iki etirazçı Baş Polis Müfəttişliyinə polis zorakılığı ilə bağlı müraciət edib.

Bundan başqa, polis əməkdaşları etiraz aksiyalarında iştirak edən 80 şəxsi saxlayıblar.

“Report” xatırladır ki, Fransa vətəndaşları “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinin 24-cü maddəsinə etiraz edirlər.

24-cü maddəyə görə, əməliyyat zamanı polis və ya jandarmın kimliyini müəyyənləşdirilməyə kömək edəcək üz və ya bədənin digər hissələrinin şəklinin yayılması qarşılığında cərimə və ya bir il müddətinə həbs cəzası nəzərdə tutulur.

Xəbərlər