195
Dünya 23 oktyabr — 11:22

ABŞ-da prezidentliyə namizədlərin sonuncu debatı keçirildi

ABŞ prezidentliyinə namizəd olan Donald Tramp (respublikaçı) və Co Bayden (demokrat) arasında son debat keçirilib.

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, debat Neşvill şəhərində (Tennessi ştatı) keçirilib.

Siyasətçilərin görüşü 1,5 saatdan bir qədər çox çəkib.

Prezidentliyə namizədlərin bir-birinin sözünü kəsməməsi üçün təşkilatçıların onların mikrofonlarını söndürmək hüququ olub.

Namizədlərin görüşünün əsas mövzuları, gözlənildiyi kimi, koronavirusla mübarizə, milli təhlükəsizlik, immiqrasiya, irqçiliyə qarşı mübarizə və ABŞ seçkilərinə kənar müdaxilələrlə bağlı olub.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun qarşıdan gələn seçkilərdəki opponenti Co Bayden Vladimir Putin vasitəsilə Rusiyadan pul alıb.

Tramp Rusiyanın, eləcə də Çin və Ukraynanın heç vaxt ona pul ödəmədiklərini deyib. Amerikalı liderin sözlərinə görə, Bayden isə hər üç ölkədən pul alıb.

Bayden isə öz növbəsində rəqibinin ittihamlarını rədd edib.

Xatırladaq ki, seçkilər noyabrın 3-nə nəzərdə tutulub. Prezidentdən əlavə Senatın tərkibinin üçdə biri, Nümayəndələr Palatasının tam tərkibi, həmçinin bir sıra qubernatorlar və yerli legislatur və icra hakimiyyəti orqanlarının minlərlə deputatı da seçiləcək.

Xəbərlər