1036
Dünya 8 avqust — 09:48

Seçkilərə bir gün qalmış Putin Lukaşenkoya zəng vurdu

Belarusda sabah avqustun 9-da keçiriləcək prezident seçkilərinə bir gün qalmış Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenkoya zəng vurub. Virtualaz.org xəbər verir ki, bu haqda Kremlin Telegram-kanalı məlumat yayıb.

Putinlə Lukaşenko “Belarus-Rusiya qardaşlıq münasibətlərinin sonrakı inkişafına” dair məsələləri müzakirə ediblər. Əminlik ifadə olunub ki, Belarusda saxlanılan rusiyalı muzdlularla bağlı situasiya qarşılıqlı anlaşma ruhunda həll olunacaq. Putin habelə Lukaşenkonu əmin edib ki, Rusiya Belarusda daxili siyasi stabilliyin qorunmasında maraqlıdır.

Bu telefon zəngi Minsk ətrafında tutulan bir qrup rusiyalı muzdlu ilə bağlı Belarusla Rusiya arasında münasibətlərin son dərəcədə gərginləşdiyi bir vaxtda baş verir. Lukaşenko Rusiyanı onun ölkəsində vəziyyəti qarışdırmaq planlarında günahlandırır və iddia edir ki, Moskva Belarusda müxalif qüvvələrə dəstək verərək “rəngli inqilab” həyata keçirmək istəyir.

Avqustun 6-da Lukaşenko parlamentə və xalqa müraciətində bildirmişdi ki, Putinin yerində olsa həyacan keçirərdi: “Ukraynanı artıq itirdilər, Allah eləməsin, ində də Belarusu. Yerdə nə qalır? Baltikyanı ölkələr? Ona görə də Rusiya həyacan keçirir, amma bunun əvəzində dalbadal səhvlərə yol verir. Nəyə görə siz bizi boğursunuz, axı faktiki olaraq biz bir millətik. Yox, axı bu kimə lazımdır. Biz axı görürük nə baş verir, birinci ay deyil ki”.

İndi Rusiya prezidentinin seçkilərə bir gün qalmış Lukaşenkoya zəng vurması belə siyasi məna verir ki, Putin heç də onun hakimiyyətdən uzaqlaşdırılmasını istəmir. Və sabahkı seçkilərdə Lukaşenkonun qələbəsini tanımağa hazırdır.

Virtualaz.org

 

Xəbərlər