277
Dünya 31 may — 10:04

ABŞ-ın 25 böyük şəhərində komendant saatı tətbiq edildi

ABŞ-ın Minnesota ştatınıın Minneapolis şəhərində afroamerikalı Corc Floydun ölümü ilə başlayan etirazlarla əlaqədar ölkənin 25 böyük şəhərində komendant saatı elan edilib.

Bu barədə CNN məlumat yayıb.

Qeyd edilib ki, komendant saatı Los-Anceles və Beverli-Hills (Kaliforniya ştatı), Denver (Kolorado ştatı), Mayami (Florida ştatı), Atlanta (Corciya ştatı), Çikaqo (İllinoys ştatı), Luisvill (Kentukki ştatı), Minneapolis və Sent-Pol (Minnesota ştatı), Reçester (Nyu-York ştatı), Sinsinnati, Kolumbus, Deyton, Toledo və Klivlend (Oqayo ştatı), Portlend cə Yucin (Oreqon ştatı), Filadelfiya və Pittsburq (Pensilvaniya ştatı), Çarlston və Kolumbiya (Cənubi Karolina ştatı), Neşvill (Tennesi ştatı), Solt-Leyk-Siti (Yuta ştatı), Sietl (Vaşinqton ştatı) və Miluoki (Viskonsin ştatı) şəhərlərində tətbiq olunub.

Bundan əlavə, Minnesota, Corciya, Oqayo, Kolorado, Viskonsin, Kentukki, Yuta, Texas ştatlarında, o cümlədən paytaxtın Kolumbiya dairəsində küçələrdə nizam-intizamın təmin edilməsi üçün ABŞ Milli Qvardiyasının əsgərləri səfərbər edilib.

Virtualaz.org xatırladır ki, ABŞ-ın Minneapolis şəhərində Corc Floyd adlı qaradərili vətəndaşın polis tərəfindən boğularaq öldürülməsi ölkədə ciddi etirazlara səbəb olub.

Bu arada “Associated Press” etirazlar zamanı hüquq-mühafizə orqanları əməkdaşlarının 1 383 nəfəri saxladıqları barədə məlumat yayıb. Lakin onların sayının artacağı istisna deyil.

Lap son məlumata görə isə ABŞ-ın İndianapolis şəhərində (İndiana ştatı) keçirilən etirazlar zamanı azı bir nəfər həlak olub, üç nəfər güllə yarası alıb.

Xəbərlər