287
Dünya 25 may — 22:20

Erməni general Səhiyyə Nazirliyini məhkəməyə verdi

Ermənistan parlamentinin keçmiş deputatı, müdafiə nazirinin sabiq müavini, general Manvel Qriqoryan Səhiyyə Nazirliyini məhkəməyə verib.

Yerli KİV bildirir ki, buna səbəb onun müalicəsini davam etdirmək üçün müraciətlərinə reaksiya verilməməsidir.

Qriqoryanın vəkili Levon Baqdasaryan bildirib ki, onlar müalicənin davam etməsi üçün iki dəfə Səhiyyə Nazirliyinə müraciət ediblər, hər ikisində rədd cavabı alıblar. Üçüncü müraciətləri isə hələ cavablandırılmayıb.

"Biz Qriqoryanın vəziyyəti barədə sənədləri təqdim etdik, burada müalicəni təşkil etməyin mümkün olub-olmadığı və xaricə getmək zərurəti barədə yekun rəy istədik. Səhiyyə Nazirliyindən məsələnin onların səlahiyyətləri xaricində olduğunu bildirdilər və Ədliyyə Nazirliyi ilə əlaqə qurmağı tövsiyə etdilər. Ədliyyə Nazirliyindən cavab verdilər ki, bu, onların səlahiyyətinə aid deyil, çünki şəxs həbsdə deyil, məsələ Səhiyyə Nazirliyi tərəfindən həll olunmalıdır”, - deyə vəkil vurğulayıb.

O qeyd edib ki, üzləşdikləri problemlə bağlı Ombudsmana və Avropa Məhkəməsinə də müraciət ünvanlayıblar.

Azvision.az xatırladır ki, Qriqoryan 1988-1994-cü illərdə Qarabağ müharibəsinin iştirakçısı olub. O, Xocalı soyqırımının törədilməsi, Füzuli və Cəbrayıl rayonlarının işğalı zamanı azərbaycanlıların mülkiyyətinin talan edilməsi, əsirlərə işgəncələrin verilməsi, kütləvi qətllərin təşkili, həmçinin, mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərdə iştirak edib.

Qriqoryan 2018-ci ilin iyununda bağ evində qanunsuz silah və döyüş sursatlarının aşkar edilməsi ilə əlaqədar saxlanılıb. Bundan əlavə, sabiq deputat 2016-cı ilin aprel döyüşlərində erməni əsgərlərinə göndərilmiş yardımı mənimsəməkdə təqsirli bilinir. O bu ilin əvvəlində səhhətinə görə həbsdən azad edilib.

Xəbərlər