314
Dünya 19 yanvar — 13:50

Çində yeni virusa yoluxanların sayı 1,7 min nəfərdən çox ola bilər

Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə yoluxanların sayı 1,7 min nəfərdən çox ola bilər.

Bu barədə London İmperial Kollecinin infeksion xəstəliklər üzrə Qlobal Təhlil Mərkəzinin araşdırmasında deyilir.

Mütəxəssislərin qiymətləndirməsi virusun aşkarlandığı Uxan şəhərinin əhalisinin və orada fəaliyyət göstərən beynəlxalq hava limanından istifadə edənlərin sayına əsaslanır. Belə ki, şəhərdə 19 milyona yaxın insan yaşayır və gündə 3,4 min xarici vətəndaş beynəlxalq hava limanı ilə səyahət edir.

Həkimlər, simptomların infeksiyadan dərhal sonra görünmədiyini, inkubasiya dövrünün 5-6 gün davam etdiyini bildiriblər. Onların sözlərinə görə, “panika üçün tezdir”, lakin narahatlıq üçün səbəblər var.

“Report” qeyd edir ki, Çində virusa yoluxanların sayı 52 nəfərə çatıb. Daha 3 yoluxma hadisəsi Tayland və Yaponiyada qeydə alınıb. Çinin Uxan şəhərində koronavirusun indiyədək aşkar edilməmiş növünə yoluxanlardan ikisi vəfat edib.

Virtualaz.org xatırladır ki, koronaviruslar sətəlcəmdən tutmuş Orta Şərq Respirator Sindromu (MERS) və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur. Xəstəliyin kliniki əlamətləri əsasən hərarətdir, bəzi pasiyentlərin döş qəfəsi rentgenoqrafiyalarının nəticələrində hər iki ağciyərdə infiltrasiya və tənəffüs çatışmazlığı müşahidə olunub. İlkin tədqiqatlar göstərir ki, xəstəlik insandan-insana ötürülməyib. Sətəlcəmin səbəbi yeni koronavirus kimi görünsə də, ötürülmə potensialı və şəkli hələ də bilinmir.

Xəbərlər