609
Dünya 13 oktyabr — 19:50

Amerikalılar tərəfindən atılan kürdlər Rusiyaya qaçırlar

Suriyadakı kürd silahlı birləşmələri Moskva və Dəməşqdən Türkiyədən qorunmalarını istəmək niyyətindədirlər. Bunu "kürd qruplarının baş komandanı" Məzlum Kobani (Abdi) ABŞ-ın İŞİD-ə qarşı beynəlxalq koalisiyadakı xüsusi nümayəndəsinin müavini William Robak ilə söhbətində deyib.

Virtualaz.org bildirir ki, bu barədə CNN danışıqların protokoluna istinadən xəbər yayıb.

Qeyd olunur ki, Rusiya Federasiyasına mümkün müraciətin məqsədi, gözlənildiyi kimi, Suriyanın şimal-şərq hissəsi üzərində Türkiyənin hava zərbələri endirməsinə mane olacaq uçuş olmayan zona yaratmaqdır.

Məzlum Kobani (Abdi)

Kobaninin sözlərinə görə, Vaşinqton kürdləri "satdı" və ölmək üçün buraxdı. “İnsanları qorumaq istəmirsiniz və digər qüvvələrin də bizi qorumasını istəmirsiniz. Bizi satdınız. Bu əxlaqsızlıqdır”,-deyə televiziya şirkəti Kobanidən sitat gətirib.

Özünü “baş komandan” adlandıran Kobani, ABŞ-ın müttəfiqlərini qorumağı bacarmadığı təqdirdə, “Rusiya və Suriya Prezidenti Bəşər Əsəd rejimi ilə aviasiyanı bu bölgənin müdafiəsinə dəvət etmək üçün müqavilə bağlamaq lazım olduğunu” vurğulayıb.

Vladimir Cabbarov

“Danışır Moskva” radiosuna verdiyi müsahibədə Suriya kürdləri ilə bağlı vəziyyəti şərh edən Federasiya Şurası Xarici İşlər Komitəsi sədrinin birinci müavini Vladimir Cabbarov Rusiya tərəfinin yalnız vasitəçi kimi çıxış edə biləcəyini söyləyib: “Suriyalı kürdlər bir neçə il əvvəl açıq şəkildə ABŞ-a tərəf meyil etdilər, onun dəstəyindən tam yararlandılar və onların müttəfiq olduqları bəlli oldu. İndi vəziyyət dəyişib, amerikalılar onları, yumşaq desək, atdılar. Kürdlər Türkiyə Ordusu ilə üz-üzə qaldılar. Fakt budur ki, Rusiya münaqişədə heç bir tərəfdən iştirak edə bilməz. Rusiyanın oynaya biləcəyi yeganə rol, Türkiyə dövləti ilə Suriya kürdləri arasındakı danışıqlarda vasitəçi roludur”.

Federasiya Şurasının Xarici İşlər Komitəsi sədrinin müavini Andrey Klimov da Milli Xəbər Xidmətinin efirində rəsmi müraciət olacağı təqdirdə kürdlərin istəyinə Moskvanın mümkün cavabı ilə bağlı fikirlərini bildirib.

“Rusiya hərbçiləri qanuni hökumətin tələbi ilə Suriyadadırlar. Orada... biz beynəlxalq terrorçulara qarşı birlikdə mübarizə aparır və sülh prosesinin həllinə kömək edirik. Suriya ərazisində baş verən hər şey Suriya hökumətinin səlahiyyətindədir...

Andrey Klimov

ABŞ-ın Suriyada olması qanunsuzdur. O, kürdlərlə müttəfiqlik edərək bəzi fəaliyyətlərini həyata keçirirdi. Bəziləri kürdləri müdafiə etdiklərini söyləyir, bəziləri isə deyirdi ki, bunu onlardan kürdlər xahiş edib. İstənilən halda Suriyada ayrıca kürd dövləti yoxdur, buna görə kürdlərin amerikalıları çağırmaq hüququ yox idi. Amma kürdlər gördülər ki, amerikalılar onları atdılar...

Rusiya BMT Nizamnaməsinə ciddi əməl olunmaq şərtilə yardım göstərə bilər. Mənim fikrimcə, Putin bu barədə Səudiyyə Ərəbistanı və Yaxın Şərqdən olan jurnalistlərlə çox açıq danışdı. Buna görə kürdlər bizə müraciət etdikdə, beynəlxalq hüquq müstəvisində hərəkət edərək yalnız Suriya və Türkiyə hökuməti ilə işləyə bilərik. Suriyadakı vəzifəmiz oradakıların birini digərlərindən qorumaq yox, beynəlxalq terrorizmlə mübarizə aparmaqdır",- deyə Rusiya senatoru vurğulayıb.

Virtualaz.org

Xəbərlər