963
Dünya 20 may — 01:57

Marneulidə seçkilərdə Zaur Darğallı qalib gəldi

Gürcüstanda keçirilən növbədənkənar və aralıq seçkilər üzrə səsvermənin ilkin nəticələrinə görə, Marneulidəki mer seçkilərində “Gürcü Arzusu” partiyasının namizədi Zaur Darğallı 78,75 faiz səs çoxluğu ilə qalib gəlib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze məlumat verib.

 “Gürcü Arzusu” partiyasının namizədləri Marneuli ilə yanaşı, Zestafoni, Çiatura və Xulo rayonlarında da qalib gəliblər.

Qeyd edək ki, Zaur Füzuli oğlu Darğallı 1988-ci ildə Marneuli şəhərində anadan olub. İlya Çavçavadze adına Dövlət Universitetini bitirib. 2007-2009 illərdə bir sıra regional və beynəlxalq media qurumlarında jurnalist kimi fəaliyyət göstərib.

Z.Darğallı paralel olaraq 2007-2010-cu illərdə Marneuli Gənclər Mərkəzində bir sıra layihələrin rəhbəri olub. 2010-2012 illərdə Amerika Birləşmiş Ştatlarının Regional İnkişaf Agentliyinin Kvemo Kartli bölgəsindəki ofisinin rəhbəri vəzifəsində çalışıb. Son illər Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri postunu tuturdu.

 

**

13:50(19.05.2019)

Bu gün Gürcüstanın beş rayonunda mer, səkkiz rayonunda isə bələdiyyə məclisi aralıq seçkiləri keçirilir.

Virtualaz.org-un məlumatına görə, azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonunda keçirilən mer seçkilərində 15 namizəd mübarizə aparır.

Həmin namizədlərdən dördü azərbaycanlıdır. Onlar “ Gürcü arzusu demokratik Gürcüstan” partiyasından Zaur Darğallı, “Vahid Milli Hərəkat ”dan Aqil Mustafayev, “ Təşəbbüs Qrupu”ndan Əli Bədirov və “ Bakradze-Uqulava Avropalı Gürcüstan” partiyasından Əhməd İmamquliyevdir.

Gürcüstan Mərkəzi Seçki Komissiyasından bildirilib ki, Marneuli rayonunda icra başçısı seçkilərində saat 12:00-a olan seçici fəallığı 14% təşkil edib. Həmin vaxta qədər rayondakı 99 717 nəfər seçicidən 13 957-si səs verib.

Bu arada o da məlum olub ki, Marneulidə qanun pozuntuları ilə bağlı dairə seçki komissiyasına 7 şikayət daxil olub.

Komissiyanın sədri Yakob Asanidze jurnalistlərə bildirib ki, şikayətlər əsasən kiçik insidentlər və prosedur qaydaları ilə bağlıdır.

Y.Asanidze seçkilərin sakit şəraitdə keçdiyini qeyd edib.

Xəbərlər