2480
Dünya 11 aprel — 12:10

"Əl-Bəşiri və bütün hökumət üzvlərini həbs etdik..."

16.23

Sudanda üç aydan çoxdur davam edən kütləvi etirazların nəticəsi olaraq bu gün baş vermiş hərbi çevrilişdən sonra müdafiə naziri televiziya ilə xalqa müraciət edib. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, general-leytenant Avad ben Auf hakimiyyətin iki illiyə hərbçilərə keçdiyini, parlamentin, hökumətin və regional hakimiyyət orqanlarının buraxıldığını bildirib.

Sudan dövlət televiziyasının birbaşa efirində çıxış edən müdafiə naziri deyib ki, rejim ölkənin problemlərini həll edə bilmirdi. Ona görə qərar qəbul olundu ki, ölkəni iki illiyə idarə etmək üçün Hərbi Şura yaradılsın. “Bu müddət ərzində ölkəyə silahlı qüvvələr rəhbərlik edəcək”-o bildirib.

General deyib ki, prezident Ömər əl-Bəşir bütün postlarından istefa verib və hazırda ordunun nəzarətindədir. Çevrilişlə bağlı ölkədə 3 aylıq hərbi vəziyyət elan olunub, ölkənin hava sahəsi 24 saatlığa bağlanıb.

"Hökumətlə anlaşma yollarını çox sınaqdan keçirdik, alınmadı. Daha sonra xalqın dəstəyi və əksəriyyətin istəyi ilə ölkədə yaranmış vəziyyətə müdaxilə etdik. Ömər əl-Bəşiri həbs etdik və ölkədə 2 illik keçid dövrü başladı. Onun hökumətinin bütün üzvləri də həbsdədir"-general deyib.

Müdafiə naziri ölkədəki bütün silahlı birləşmələri ordunun tərkibinə qatılmağa çağırıb, bildirib ki, əks halda onlar tərksilah ediləcəklər. Söhbət əl-Bəşirə və Sudanın hakim partiyasına bağlı “kölgə batalyonlarından” gedir.

 

12.34

“Al-Arabia” telekanalı xəbər verir ki, Ömər əl-Bəşir hərbi çevrilişdən əvvəl ölkədən qaçmağa çalışıb. Lakin hərbçilər bunun qarşısını alıblar və aeroportu bağlayıblar. Əl-Bəşirin qonşu ölkələrdən birinə qaçmağa hazırlaşdığı bildirilir.

Son məlumatlara görə əl-Bəşir hazırda silahlı qüvvələrin Baş qərargahının binasında, hərbçilərin nəzarətindədir. O, əvvəllər də iqamətgah olaraq əsasən Baş qərargahın binasından istifadə edirdi.

Hərbçilərin televiziya ilə xalqa müraciəti isə ləngiyir, məlumatlara görə hələlik müvəqqəti Şuranın tərkibi və rəhbəri ilə bağlı müzakirələr gedir.

12.21

Xarici KİV-lərin hələ təsdiqlənməyən məlumatlarına görə Sudan ordusu tərəfindən devrilən diktator Ömər əl-Bəşirin ölkədən qaçdığı bildirilir. Xartumdakı prezident iqamətgahından yüksək rütbəli mənbə deyib ki, əl-Bəşir sarayda yoxdur. Bəzi məlumatlara görə isə hərbçilər onu ev dustağı ediblər.

Əl-Bəşirin müavini Əli Usman Tax isə nümayişçilərə qarşı “kölgə batalyonlarından” istifadə etməklə hədələdiyi üçün həbs edilib. “Əl-Ərəbiyə” kanalı xəbər verir ki, əl-Bəşirin ətrafı əks-çevriliş cəhdi edib, amma baş tutmayıb.

Bu dəqiqələrdə Sudan televiziyası ilə hərbçilərin xalqa müraciəti yayımlanmalıdır. Küçələrdə insanlar “Əl-Bəşir çökdü, biz qalib gəldik” şüarları qışqırır, əsgərlər alqışlanır. Hərbçilərin birinci vitse-prezident Avad ibn-Aufun başçılığı ilə müvəqqəti Şura yaratdıqları bildirilir. Bu şura ölkəni bir illik keçid dövründə idarə edəcək.

Sudanda ilk nümayişlər ötən il dekabrın 19-da çörəyin qiymətinin kəskin artmasına görə başlayıb. Nümayişlər əvvəlcə iqtisadi tələblərlə keçirilib, daha sonra siyasi tələblərə keçib. Etirazçılar əl-Bəşirin və hökumətinin istefaya getməsini tələb ediblər. Sudan hakimiyyəti etirazçılara qarşı gücdən istifadə edib və indiyə qədər 50-yə yaxın nümayişçi öldürülmüşdü.

Aprelin 9-da toqquşmalar kritik məqama çatıb. Əl-Bəşirə sadiq təhlükəsizlik qüvvələri 5-i əsgər olmaqla 22 nəfəri öldürüb. Həmin vaxt əsgərlər nümayişçiləri polisdən qorumağa çalışırdı. Həmin gün ABŞ başda olmaqla bir sıra qərb ölkələri Sudan hakimiyyətini xalqın tələbini eşitməyə və siyasi keçid üçün etibarlı plan hazırlamağa çağırmışdı.

***

“Reuters”in bu dəqiqələrdə verdiyi məlumata əsasən, Sudan prezidenti Ömər əl-Bəşir istefa verib.

*   *   *09:55

Sudanda uç aya yaxındır davam edən etiraz nümayişlərindən sonra ordu ölkəni 30 ildir idarə edən diktator Ömər əl-Bəşiri devirib. Virtualaz.org beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, əl-Bəşir hərbçilər tərəfindən həbs olunub. Ölkədə hakimiyyəti müvəqqəti olaraq Hərbi Şura ələ alıb.

Lakin hərbçilər bu barədə hələlik televiziya vasitəsilə elan etməyiblər. Sudan televiziyası bu gün səhər saatlarından etibarən hərbi marşlar efirə verir, hərbçilər yaxın saatlarda mühüm bəyanatla çıxış etməyə hazırlaşırlar.

Məlumatlara görə Ömər əl-Bəşir ev dustağı edilib. Habelə prezident qvardiyasının rəhbəri və keçmiş müdafiə naziri Abdel Rahim Muhammed Hüseyn də həbs olunub. Prezidentin ətrafından digər yüksək rütbəli şəxslərin də hərbçilər tərəfindən həbs olunduğu xəbər verilir.

Küçələrdə təhlükəsizlik tədbirləri gücləndirilib, çoxlu sayda hərbçilər gözə dəyir. Prezident iqamətgahına doğru hərbi texnika hərəkət edir. Ölkənin digər iri şəhərləi də hərbçilərin nəzarətindədir. Sudan ordusunun komandanlığı “Al-Hadath” televiziyasının studiyasına yollanıblar və oradan Ömər əl-Bəşirin istefasını elan edəcəklər.

Xatırladaq ki, Sudanda etirazlar çörəyin bahalaşmasından sonra başlamışdı. Üç aydır davam edən etirazlarda əhali 75 yaşlı əl-Bəşirin istefasını tələb edirdi. Təhlükəsizlik qüvvələri dəfələrlə nümayişçilərə qarşı güc tətbiq edib, ölənlər olub. Rusiya əl-Bəşiri dəstəkləmək üçün öz muzdlularını Xartuma göndərib. Ötən həftə sonu Sudan ordusu nümayişçiləri polisdən qorumuşdu və xəbərdarlıq etmişdi ki, dinc etirazçılara qarşı silah işlədilməsinə yol verməyəcək.

Son məlumatlara görə əl-Bəşirin müavini Əli Usman Tax və hakim “Milli konqres” partiyasının sədri Əhməd Harun da hərbçilər tərəfindən həbs olunub. Xartum beynəlxalq aeroportu uçuşlara bağlıdır.

Paytaxtda əhali əl-Bəşirin hakimiyyətdən uzaqlaşdırılmasını bayram edir, kütlələr silahlı qüvvələrin Baş qərargahının binasına doğru yürüş edir.

Virtualaz.org

Xəbərlər