262
Dünya 11 yanvar — 20:48

Gürcüstanda qripdən ölənlərin sayı 15-ə çatdı

Bu gün Kutaisidə 27 yaşlı gənc oğlanın qrip virusundan öldüyü laboratoriyada təsdiq olunub.

Batumidə isə 63 yaşlı ahıl kişi eyni xəstəlikdən dünyasını dəyişib.

Bununla da Gürcüstanda qrip virusundan ölənlərin sayı 15-ə çatıb.

AzərTAc bildirir ki, bunları Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze yanvarın 11-də ölkənin səhiyyə naziri ilə birgə keçirilən mətbuat konfransında söyləyib.

 

Qrip virusundan dünyasını dəyişənlərin 5-i Acarıstan Muxtar Respublikasının sakinidir.

Direktor deyib ki, bu gün ölkədə qrip virusuna yoluxmuş 845 nəfər xəstəxanalarda müalicə olunur.

Onlardan 44-ü reanimasiya şöbələrindədir.

**

16:11

Gürcüstanda A (H1N1) virusuna (“donuz qripi”) qarşı “Tamiflu” dərman preparatı əhaliyə pulsuz veriləcək. Bu təşəbbüslə Gürcüstanın Baş naziri Mamuka Baxtadze və hökumət çıxış edib.

Təşəbbüsə əsasən, dərman vasitəsi yanvarın 12-dən etibarən yalnız risk qrupuna daxil olan vətəndaşlara deyil, bütün vətəndaşlara ödənişsiz təqdim olunacaq.

Gürcüstanın ictimai sağlamlıq mərkəzləri ilə yanaşı, 24 saat işləyən poliklinikalar da dərmanın paylanılmasında iştirak edəcəklər. Həkimlər yalnız pasiyentin diaqnozu təsdiq olunandan sonra dərmanı vermək hüququna malik olacaqlar.

Bundan başqa, apteklərin satış üçün əldə etdiyi “Tamiflu” dərman preparatlarının ehtiyatlarını Gürcüstanın Məcburi Köçkünlər, Səhiyyə və Sosial Müdafiə Nazirliyi satış qiymətinə alacaq.

Bu vaxta qədər “Tamiflu” dərman vasitəsi ödənişsiz olaraq həkim resepti əsasında yalnız risk qrupunda olan sosial təminatsız, təqaüdçülər, hamilə qadınlar, xroniki xəstəlikləri olan şəxslərə verilirdi.

Xatırladaq ki, bu günə qədər Gürcüstanda 14 nəfər “donuz qripi”ndən ölüb. 

Xəbərlər