734
Dünya 11 oktyabr — 14:10

Qazaxstanlılar cəsur azərbaycanlıya təşəkkür edirlər

Qazaxıstan mətbuatı oktyabrın 4-də Aktobe şəhərində yanan onmərtəbəli binadan insanları xilas edən azərbaycanlı Tahir Quliyevin cəsarətindən yazıb.

Virtualaz.org “Diapozon” nəşrinə istinadən bildirir ki, T. Quliyev Azərbaycandan Aktobeyə qonaq gedibmiş. Hadisə günü küçədən keçən zaman o, binada güclü yanğının baş verdiyini görüb. Tahir dərhal avtomobilini saxlayıb və yanğınsöndürənlər gələnə kimi insanları xilas etməyə başlayıb.

“Yanğını görən kimi maşını saxladım və binaya tərəf qaçdım. Gördüm ki, gənclər kənarda durub hadisəni telefona çəkirlər, şoka düşdüm. İki nəfərlə insanları xilas etmək üçün binaya daxil olduq. Qapıları döyməyə başladıq.

Uşaqlardan mağazadan su almağı xahiş etdim. Mən dörd qadını xilas etdim. Aşağı düşəndə qızlardan biri mənə yaxınlaşdı ki, bibisi altıncı mərtəbədə qalıb. Bu zaman dostum binaya girdi və həmin qadını xilas etdi. Hadisə zamanı uşaqların qışqırtısını eşitdim və buna biganə qala bilmədim”, - deyə T.Quliyev baş verənlər barədə nəşrə danışarkən bildirib.

Aktobe şəhərinin yerli icra hakimiyyəti orqanından bildiriblər ki, cəsur azərbaycanlı mütləq mükafatlandırılacaq.

Xəbərlər