11562
2 iyul — 22:59

İbrahimbəyov Əliyevə qarşı: həyat bahasına oyun...

Gözlənilən hadisə baş verdi! Azərbaycanlı müxalifətçilərin bir neçə nəslinin arzuladığı olay indiki hakimiyyətin geniş xalq kütlələrinin dəstəyindən məhrum olan zəif rəqiblərinin bugünkü iclasında həyata keçdi. Əliyev hakimiyyətini devirməyə uğursuz cəhdlər göstərən bu qüvvələr çox güclü hakimiyyətlə mübarizənin yeganə modelinin alternativsizliyini - bütün qüvvə və imkanları birləşdirməyin vacibliyini yalnız 15 ildən sonra başa düşdülər.

Lakin məsələ də burasındadır ki, repressiyalar, öz səhvləri və məşğul olduqları Sizif seçki əməyi nəticəsində üzülüb əldən düşmüş bütün bu müxalifətçi qüvvələr öz mübarizələrinin məhz qürub çağında birləşmək və vahid namizədlə çıxış etmək qərarı verdi. Əgər bütün resurs və imkanlar praktiki olaraq tükənibsə, onda nəyi birləşdirmək olar?

Müxalifət düz 10 il gecikdi. Əgər onlar 10 il qabaq - prezident İlham Əliyevin siyasi karyerasının lap başlanğıcında vahid mübarizə cəbhəsində birləşə və dəstələrarası fitnə-fəsad və qalmaqallardan qurtula bilsəydilər, onda ölkədəki siyasi vəziyyəti bəlkə də dəyişə bilərdilər.

Amma əgər bütün aparıcı siyasi qüvvələr son nəfəsini alıb-verirsə, onda müxalifət partiyalarını nə biləşdirir? Partiyaların strukturu dağılıb gedib, partiyaların bütün rayon təşkilatları tamamilə dağılıb, onların arasındakı ən aparıcı qurumlar olan AXCP ilə Müsavatın sosial bazası bir ovuc marginalla məhdudlaşır...

Müxalifət maliyyə imkanlarından məhrumdur. Onun əlində “Azadlıq” qəzetinin timsalındakı “partizan döyüş vərəqi”ndən başqa heç bir informasiya resursu qalmayıb.

Belə bir müxalifət,- lap elə birləşmiş müxalifət olsun!- effektiv repressiv mexanizmlərə və fantastik maliyyə imkanlarına malik, yaxşı təşkilatlanmış və regionun ən güclüsü olan hakim rejimin qarşısına necə çıxa, ona necə müqavimət göstərə bilər?

Məlum olduğu kimi, müxalifət bu hakimiyyətin qarşısına dünya şöhrətli görkəmli kinorejissor Rüstəm İbrahimbəyovdan başqa heç nə çıxara bilmədi. Rüstəm İbrahimbəyov isə uzun illər ərzində Əliyevlərin himayədarlığı altında yaşayıb-yaradıb, bu hakimiyyətə, Əliyevlər ailəsinə qırılmaz tellərlə bağlı olub. İndi o, yalnız şəxsi incikliyinə görə “əlcəklərini çıxararaq” öz ləyaqətinin alçaldılmasının qisasını almağa çalışır. Lakin heç bir siyasi resursu olmayan (müxalifət hesaba alınmır, çünki müxalifətin marginal kütlədən və ləkələnmiş brenddən başqa heç nəyi yoxdur) İbrahimbəyov bunu təkbaşına bacaracaqmı? Özünü hakimiyyətin rəqibi mövqeyində göstərmək istəyən qüvvələrin qələbəsini təmin edə biləcəkmi? İbrahimbəyov buna qadirdirmi?

Müxalifətin ən başlıca arqumenti bundan ibarətdir ki, ölkədə insanların mütləq əksəriyyəti hazırkı vəziyyətdən narazıdır və əlinə ən xırda fürsət düşən kimi bu hakimiyyətə qarşı üsyana qalxacaq. Tutaq ki, belədir. Amma axı xalqın müqavimət və etirazını təşkil və idarə etmək üçün də mütəşəkkil, yaxşı strukturlaşmış siyasi təşkilatlar lazımdır. Hakimiyyətə qarşı xalq mübarizəsini kim və necə təşkil edəcək? Müxalifət bunu özlüyündə necə təsəvvür edir? Bununla yoxsa bu yaxınlarda yaradılmış amorf Milli Şura məşğul olacaq? Bu problemi klassik müxalifətçilərdən və Gültəkin Hacıbəyli, “Quska” və Elşad Abdullayevin timsalındakı hakimiyyətyönlü tullantılardan tez-bazar kombinə edilib yaradılmış Milli Şuramı həll edəcək?

Milli Şuranın bircə dənə də olsun rayon təşkilatı yoxdur. Milli Şuranın həmin narazı, biganə və qeyri-passionar minlərlə, on minlərlə insana çıxmaq üçün heç bir vasitəsi də yoxdur.

Lakin Rüstəm İbrahimbəyovun Azərbaycana qayıdışının ssenarisini gəlin heç olmasa xəyalımızda da olsa canlandıraq. Özü də o, Milli Şuranın vahid namizədi elan olunandan dərhal sonra prezident seçkiləri marafonuna az qalmış Azərbaycana gələcəyini bəyan elədi.

Beləliklə, gəlin belə fərz edək ki, Rüstəm İbrahimbəyov Bakıya qayıdıb. Bəs sonra? Müxalifətçilər, o cümlədən İsa Qəmbər daha çox ona arxayındırlar ki, İbrahimbəyov gələn kimi həbs olunacaq. Çünki rejissorun qəzəbli anti-Əliyev çıxışlarının ən qızğın vaxtında hakimiyyət Kinematorqrafçılar İttifaqının vergi işlərində cinayət tərkibli əməllər taparaq ona qarşı vergidən yayınma ittihamınə rəsmən irəli sürüb.

Əgər hakimiyyət İbrahimbəyovu həbs etsə, bununla şübhəsiz ki, dəhşətli səhvə yol vermiş olacaq. Çünki bununla qarşıdan gələn seçkilərin legitimliyi şübhə altına salına bilər. Hakimiyyət isə o qədər də gerizəkalı deyil ki, belə bir ölçülüb-biçilməmiş addım atsın. Belə bir tələsik addım atmaq Əliyevin beynəlxalq aləmdəki rəqibləri üçün geniş döyüş meydanı açar və müxalifətçilər üçün geniş imkanlar yaradardı. Müxalifət bundan yararlanıb narazı, amma hələ də yatmış  milyonlarla azərbaycanlını oyatmağa cəhd edərdi. 

İbrahimbəyov bir məsələdə haqlıdır - onun həbsi ölgün, ətalətli vəziyyətdə, siyasi anemiya halında olan ictimai qüvvələrin fəallaşması üçün həddən artıq faydalı zəmin yarada bilər.

Zənn edirəm ki, hakimiyyət İbrahimbəyovun Azərbaycana gəlməsinə imkan verəcək, onu ölkəyə buraxacaq. O da öz rolunu oynamaqda davam edəcək, antixalq rejimini qəzəblə ifşa edəcək. Amma Mərkəzi Seçki Komissiyası Azərbaycan seçki hüququnun “ən yaxşı ənənələrini” davam etdirərək “müxalifətin bu siyasi babası”nın digər sənədlərində bir qucaq qanun pozuntusu faktı tapacaq. Və onun namizədliyini qeydə almaqdan imtina edəcəklər. Üstəlik, MSK-nın saxta sənədlər tapmaq məsələsində özünü çətinə salmasına da ehtiyac yoxdur: İbrahimbəyov anlaşılmaz şəkildə iki dövlətin vətəndaşıdır, yəni o, həm də Rusiya pasportuna malikdir, bu isə onun seçkilərdə iştirakını avtomatik surətdə istisna və qadağan edir.

İbrahimbəyovun namizədliyinin qeydə alınmasından imtima olunması müxalifəti o dəqiqə yenidən parçalayacaq. İsa Qəmbər Milli Şuranın bugünkü - 2 iyul tarixli iclasında Müsavat Partiyasının məhz onun özünün namizədliyini irəli sürməsi haqdakı qərarının hələ də qüvvədə olduğunu hamının yanında əbəs yerə xatırlatmadı. İbrahimbəyovun namizədliyini dəstəkləyən (bu qərarın əleyhinə çıxmaq silahdaşlarının, xüsusilə də Əli Kərimlinin kəskin tənqidinə səbəb ola, onun riyakarlıqda və kollaborasionizmdə suçlanmasına gətirib çıxara bilərdi, axı İbrahimbəyovun vahid namizəd kimi irəli sürülməsini Lalə Şövkətlə bərabər məhz AXCP sədri təklif etmişdi) İsa Qəmbər daha hiyləgər oynamağı qərara aldı. O, vahid namizədin qeydə alınmayacağına əmin olduğu üçün öz partiyasının 4 yanvar tarixli qərarını qəsdən hamıya xatırlatdı. Deməli, MSK İbrahimbəyovun prezidentliyə namizədliyini qeydə almaqdan imtina edəndən sonra müxalifətin zahiri birliyi güclü çat verəcək.

Lakin əgər müxalifət hətta parçalanmasa, öz sıralarının birliyini qoruyub saxlasa və bu dəfə öz vahid namizədinin qeydə alınması uğrunda mübarizə aparsa belə vahid müxalifət monolit hakimiyyətin qarşısında nə edə bilər axı?! O, uzaqbaşı öz tərəfdarlarını hakimiyyətlə mübarizəyə səsləyəcək. Hakimiyyət isə müxalifətin bu hissəsinin aksiyalarını icazəsiz adlandırıb qadağan edəcək. Meydanlara İsa Qəmbərin, Əli Kərimlinin, Rüstəm İbrahimbəyovun tərəfdarlarından ibarət üst-üstə 3-4 min adam çıxacaq... Bəs sonra? Və general Səhlab Bağırov nümayişçilərin bu balaca dəstəsini suvuran maşınların və dəyənəklərin köməyi ilə dağıdacaq.  Daha sonra? Müxalifətçilər daha bir aksiya keçirməkdən ötrü hazırlaşmağa yığışacaqlar. Onların bu aksiyasını da dağıdacaqlar... Seçkilər keçiriləcək... Əliyevi prezident elan edəcəklər, o, təbrik teleqramları almağa başlayacaq...

Ata-Əliyevin çoxdan düşünüb hazırladığı və onun siyasi dühasının məhsulu olan bu seçki marafonu modelini nə dəyişə bilər? Bu modeli müxalifətin və İbrahimbəyovun yalnız Misirdə və ya Qırğızıstanda (rejissor özü də qırğız modelindən danışmağı çox sevir) olduğu kimi küçə və meydanlara 100-200 min adamı çıxara bilməsi dəyişə bilər. Yaxşı, bəs onlar bunu bacararmı? Yox. Buna əminəm. Əziz oxucular, bu suala cavab vermək üçün internet-etirazçılığı aurasından bir anlıq qurtulub Bakının küçələrinə çıxın və insanların sifətinə baxın. Onlar məmnun görünürlər və Milli Şurada və İbrahimbəyovun evində baş verən hər şeyə biganədirlər. İbrahimbəyovun müxalifətə keçməsi, Əliyevi tənqid etməyə başlaması, onu hətta devirməyə qalxması bu insanların bir çoxunun heç ağlına da gəlmir. Öz zaman ölçülərində, yəni bugünkü Azərbaycanda yaşayan bu insanların heç vecinə də deyil ki, İbrahimbəyov vahid namizəd oldu, ya yox... 

Qarşıdan gələn seçkilər həm İbrahimbəyovdan, həm də ənənəvi müxalifətdən ötrü sonuncu oyundur. Həyat bahasına, siyasi həyat bahasına başa çatacaq bir oyun... Bu seçkilərdən sonra hətta şəkkaklar da indiki müxalifətin bugünkü Azərbaycanı dəyişmək üçün heç nəzəri şanslarının olmasına da inanmayacaqlar. Qalan bütün Azərbaycandan ötrü isə həyat bu seçkilərdən sonra yalnız yeni başlayacaq.

Ölkələrin simasını tarix dəyişir.  Cənab tarix isə İlham Əliyevi hələ 10 il qabaq seçib. Tarix ən güclünü qalib elan edir. Qalanlarının bu mübarizəni öz həyatları bahasına uduzmasına görə isə Əliyev günahkar deyil… 

Eynulla Fətullayev

Xəbərlər