3756
Cəmiyyət 6 Aprel 2016, 14:36

535 nəfər intihar edib: Onlardan 29-u azyaşlıdır

2015-ci ildə Azərbaycanda 535 nəfər intihar edib. Onlardan 29-u uşaqlardır.

Virtualaz.org saytı xəbər verir ki, bunu Respublika Psixi Sağlamlıq Mərkəzində bu gün keçirilən tədbirdə mərkəzin təcili psixoloji yardım şöbəsinin müdiri Kəmalə Talıbova deyib.

K.Talıbovanın sözlərinə görə, 2013-cü ildə 415 nəfər intihar edib: “Statistika cüzi də olsa artıb. Hər il dünyada 1 milyon şəxs intihar edir. Azərbaycanda intihar edənlərin sayı çox deyil. Amma son illər həm uşaqlar, həm də yaşlılar arasında intiharlar qeydə alınır. İntihar edənlər arasında 18-35 yaşlılar üstünlük təşkil edir”.

Şöbə müdiri deyir ki, intiharların səbəbləri müxtəlifdir: “Sosial problemlər, ailədə baş verən münaqişələr, psixi pozuntular göstərilsə də, səbəblər olduqca çoxdur. Bizim mərkəzdə təcili psixoloji yardım şöbəsi var. Bundan başqa, inam telefon xətti fəaliyyət göstərir. İxtisaslaşmış psixoloqlar yardım göstərir. İstənilən şəxs zəng vuraraq problemini söyləyə bilər”.

İntihara cəhd halları qadınlar arasında üstünlük təşkil etsə də, kişilər arasında tamamlanmış intihar halları iki dəfə çoxdur. “Gələcəkdə mərkəzin nəzdində Suisidoloji şöbənin yaradılması nəzərdə tutulur. Burada intihara cəhdin səbəbləri araşdırılacaq”.

Mərkəzin şöbə müdiri Səbinə Kərimova isə stiqma ilə bağlı məlumat verib. “Təəssüf ki, cəmiyyətdə psixi xəstələrə münasibət fərqlidir. Bu isə insanın özünə qapanmasına, cəmiyyətdən təcrid olunması ilə nəticələnir. Buna görə də, stiqma ilə bağlı əhaliyə məlumatlar verilməlidir. Əvvəllər psixi xəstələrin reabilitasiyası, müalicəsinə diqqət yönəldirdi. İndi isə məqsədimiz belə xəstələrin tam sağalmasıdır”, - deyə S.Kərimova əlavə edib.

Mərkəzin əməkdaşı Aygün Sultanova isə “Psixoloqlar haqqında” qanun layihəsi ilə bağlı məlumat verib: “Bu gün qeyri-ixtisas sahibləri belə psixoloq kimi fəaliyyət göstərir. Qanun təsdiqlənəndən sonra kimin psixoloq kimi işləyə biləcəyinə qərar veriləcək. Bu qanun bu sahədə bir çox problemlərin həllinə kömək olacaq”.

A.Sultanova mərkəzdə sosial reabilitasiya proqramlarının həyata keçirildiyini də əlavə edib.

Ülviyyə Xudiyeva

Fotolar SamirəHəsənovanındır

Virtualaz.org

Xəbərlər