1139
Cəmiyyət 20 Noyabr 2021, 18:59

Azərbaycanda icbari tibbi sığortanın iflası

Bəlli olduğu kimi, 2021-ci  ilin aprelin 1-dən bütün ölkə əhalisi icbari tibbi sığorta ilə əhatə olunur. Bununla əlaqədar olaraq dövlət və özəl sektorda çalışanların əməkhaqqından icbari tibbi sığorta haqları tutulur. Lakin sığortalı xəstələr hələ də əvvəlki kimi həkimlərə öz ciblərindən ödəniş edirlər. Az qala hər gün xəbər saytlarında, sosial şəbəkələrdə bununla bağlı şikayətlərə rast gəlinir. Üstəlik, hələ də çoxları bu sistemdən necə yararlanacaqlarını bilmirlər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “qaynar xətt” xidməti işləmir, vətəndaşlar müraciət və şikayətini çatdırmaqda çətinlik çəkirlər. İcbari tibbi sığorta sistemindən narazılıqlar bu günlərdə Milli Məclisdə də müzakirəyə çıxarılıb, deputatlar İTSDA və TƏBİB-in fəaliyyətini tənqid ediblər.

Xəstə xəstəxanalar arasında qalır

İcbari tibbi sığorta sistemindən şikayət edənlərdən biri Gəncə şəhər sakini Zahir Şirani deyir ki, gözündən əməliyyat olunmalıdır, əməliyyat zamanı gözünə linza da taxılmalıdır. Dövlət xəstəxanasında isə linza yoxdur, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı Gəncə Beynəlxalq Xəstəxanasında isə pulsuz əməliyyatdan imtina edirlər.

“Dövlət xəstəxanasından deyirlər, əməliyyata ehtiyac var, amma xəstəxanada material yoxdur. Gəncə Beynəlxalq Xəstəxanasına göndəriş veriblər, oradan isə bildirirlər ki, əməliyyat edə bilmirlər. Amma bu barədə rəsmi arayış vermirlər ki, digər xəstəxanalara müraciət edim”, - Z.Şirani bildirib.

Şikayətçi hesab edir ki, imtinaya səbəb əməliyyatın bahalı olmasıdır. Çünki sığorta agentliyi cəmi 400 manat ayırır, linza isə bahalıdır: “Təkcə mən deyil, Gəncədə əksəriyyət səhiyyə sistemindən narazıdır. Məsələn, Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında neçə aydır MRT aparatı işləmir. Müraciət edənlərə deyirlər ki, yaxın günlərdə düzəldiləcək. Xəstələr məcbur olub özəl klinikalara üz tuturlar. Hamının isə buna imkanı çatmır”. 

Digər şikayətçi isə deyir ki, Bakıda qeydiyyatda olduğu 13 saylı Birləşmiş Şəhər Xəstəxanasına müraciət edib, bəlli olub ki, diaqnoz qoyulması üçün lazım olan müayinələr bu tibb müəssisəsində yoxdur: “Terapevt dedi ki, dərman yazım, bəlkə sağaldın. Sağalmasan, müayinələrdən keçərsən. Diaqnoz qoymadan dərman yazırlar”.

Qusar rayon sakini isə yazır ki, rayondakı dövlət xəstəxanasında UZİ müayinəsindən keçmək üçün ya günlərlə növbədə dayanmalı, ya da həkimə 20-30 manat ödənilməlidir: “Növbə bəhanəsi ilə saatlarla, bəzən günlərlə qapı arxasında dayanırsa, amma 20-30 manat verən kimi növbəsiz müayinədən keçə bilirsən. Narazılıq edən kimi  deyirlər ki, bütün dünyada belədir”. 

Bəs həkimlər niyə narazıdırlar? 

İcbari tibbi sığorta sisteminin tətbiqi ilə keçmiş sovetlər birliyindən miras qalmış pulsuz səhiyyə xidməti modeli artıq işləmir. Sığortalı xəstələrlə işləyən tibb işçilərinə maaşdan başqa əlavələr, bonuslar hesablanır. Amma sığortalı xəstələrlə işləyən həkimlərin əksəriyyəti narazıdır. Onlar adlarının, işlədikləri müəssisələri açıqlanmamaq  şərti ilə vəziyyəti belə izah ediblər. 

“Maaşlar, bonuslar ədalətli hesablanmır. Amma narazılıq edən həkimlər borclu çıxarılır. İndiki halda həkimi nüfuzdan salmaq, borclu çıxarmaq asandır. Elə sosial şəbəkələrdən də bunun şahidi olmusuz, koronaviruslu xəstələrlə işləyən həkimlərin bir neçəsi maaşın azlığı ilə bağlı narazı statusunu silməyə məcbur oldu. Həkimi səhv çıxarmaq üçün bütün vasitələrdən istifadə edilir”, - həkimlər deyiblər. 

Məsələn, söhbətləşdiyimiz həkim ginekoloq deyib ki, çalışdığı şöbə koronaviruslu xəstələr üçün ayrılıb: “Yalnız iyun ayında 1 ay sığorta sistemi ilə işləmişik. Bir aylıq bonuslar maaşlara əlavə edilmədi. Yalnız uşaq həkimləri və anestezioloqların məvacibləri  200-250 manatadək artırılıb. Çünki onlara hər xəstədən bonus hesablanmayacaq”. 

Digər həkim isə deyir  ki, bonusların necə hesablandığından xəbərsizdir. 

“Deyirlər ki, məsələn, terapevt hər sığortalı xəstədən 80 qəpik, cərrah əməliyyatdan 24 manat qazanır. Cərrah kimi 1500 manat maaş alıram, bu pulla ailə dolandırmaq olarmı? Bonusları 3-4 aydan bir verirlər, buna görə də necə hesablandığını müəyyən etmək mümkün olmur. Bəziləri hirslənib, mühasibatlığa müraciət edirlər, amma həkimləri borclu çıxarıb geri göndərirlər. Buna görə şikayət də etmirəm. Bonusların necə hesablandığını baş həkimlər, bir də Allah bilir. Həkimlər bacardıqları qədər reklam olunmağa çalışırlar ki, xəstə tuta bilsinlər. Çünki xəstəsi az olan həkimin maaşı az olacaq, ixtisara salınacaq. Nə həkimin biliyinə, nə də təcrübəsinə baxan var. Buna görə də özəl klinikalardan gələn iş təkliflərini dəyərləndirirəm. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi isə elə açıqlama verir ki, sanki həkimlər süd gölündə üzürlər. Amma təkcə sosial şəbəkələrə nəzər salmaq kifayətdir ki, həkimlərin nə qədər etibardan düşdüyünün şahidi olasan”, - həkim belə danışıb. 

Qusar Mərkəzi Xəstəxanasında çalışan həkimlərdən biri isə qeyd edib ki, xəstəxananın baş tibb bacısı 1000 manat əməkhaqqı aldığı halda həkimlərin maaşı 500 manatı keçmir. Halbuki əsas əziyyət orta tibb bacılarının, bir də həkimlərin üzərinə düşür. Poliklinika həkiminin maaşı 400 manatdan yüksək olmur. 

“Bonus, yaxud maaşların hesablanması ədalətli deyil. Bakıdan fərqli olaraq rayonlarda özəl klinikaların sayı da  azdır, həkimin seçim imkanları məhduddur. Buna görə də hamı başını aşağı salıb, bir təhər dolanır”,-tibb işçiləri deyirlər.

Deputatlar hesabat tələb edirlər

Deputatlar da TƏBİB-in və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətini tənqid ediblər. Deputat Qüdrət Həsənquliyev bildirib ki, TƏBİB fəaliyyət göstərə bilmir və uğursuz bir quruma çevrilib.

“Niyə səhiyyə qurumlarının rəhbərləri İcbari tibbi sığorta sahəsindəki problemlər barədə Prezidentə müraciət etmirlər? Bacarmırlarsa, desinlər, xaricdən mütəxəssislər cəlb olunsun”- deputat bu yaxınlarda Milli Məclisdəki çıxışında bildirib.

Deputat Razi Nurullayev isə virtualaz.org-a açıqlamasında narazılığının səbəbini açıqlayıb. Onun sözlərinə görə,  həftədə ən azı on nəfərdən icbari tibbi sığorta sistemi ilə bağlı şikayət edir. Şikayətçilər arasında şəhid ailələri, qazilər, müharibə veteranları da var. Hələ də bölgələrdə çoxları icbari tibbi sığortadan istifadə edə bilmirlər.

21 il keçib, amma icbari tibbi sığorta sisteminin tətbiqi və istifadəsi bərbad vəziyyətdədir

“İcbari Tibbi Sığorta haqqında Fərman 1999-cu ildə imzalanıb, 2021-ci ilin sonlarına yaxınlaşırıq. Amma hələ də icbari tibbi sığorta sistemi tam yerinə oturmayıb. Demək olar ki, tətbiqi və istifadəsi bərbad vəziyyətdədir. Tibb müəssisələri müxtəlif bəhanələrlə xəstələri yola verirlər. Məsələn, deyirlər ki, bu xəstəlik xidmət zərfinə daxil deyil, yaxud xəstəxanada bu xidmət yoxdur. Vətəndaşlara başqa xəstəxanalara göndərişlər verilir, amma getdikləri xəstəxanalar da onları qəbul etmirlər. Həkimlər tibbi sığorta ilə müraciət edən xəstələrə yuxardan aşağı baxırlar”- deputat bildirib.

Sığortalı xəstə ilə işləyən həkimin maaşı azdır

R.Nurullayev hesab edir ki, problemin səbəblərindən biri də tibbi sığorta ilə işləyən həkimlərin maaşlarının azlığıdır: “Sığortalı xəstələr üçün ödənilən bonuslar üç-dörd aydan bir verilir. Əvvəllər isə xəstəxanalar, həkimlər, orta tibb işçiləri daha çox qazanırdılar. Azərbaycanda tibbi xidmət pulsuz olsa da, xəstə cərrahi əməliyyat, müalicə və müayinələrə görə həmişə  pul ödəyib. İndi əksinə, insanlar daha çox stress keçirilər. Bir çoxları tibbi xidmətdən məhrum olur”.

Deputatın sözlərinə görə, ona müraciət edən müharibə veteranlarının cərrahi əməliyyat ehtiyacı olub. Amma tibb müəssisəsinə müraciət edəndə problem yaranıb, günlərlə yubadılıblar.

Şəhid atası sığortanın ümidinə qalsaydı, ölərdi

“İmişlidə 73 yaşlı şəhid atasının ürəyində problemlər yaranmışdı. Onun ürəyini aortası cırılmışdı, təcili əməliyyata ehtiyac vardı. Biz onun əməliyyatı üçün mübarizəyə başladıq. Sonra Səhiyyə nazirini əvəz edən Teymur Musayevlə əlaqə saxladım. Yalnız onun köməyi ilə şəhid atası Bakı Sağlamlıq Mərkəzində əməliyyat olundu. Sığorta sisteminin ümidinə qalsaydı şəhid atası çoxdan vəfat etmişdi. Ölkədə təcili əməliyyata ehtiyacı olan minlərlə xəstə var”, - Nurullayev deyib. 

O qeyd edib ki, sığorta ölkə boyu tətbiq olunur, bir çox dərmanlar dövlət tərəfindən verilir, dövlətin bu sahəyə müəyyən qədər yardımı da var, üstəlik, işləyənlərin əməkhaqqısından sığorta ödənişləri tutulur. Amma nəticə daha da pisləşib. Problem çox ciddidir və tədbirlər görülməsinə ehtiyac var: “Xəstəxanalar TƏBİB-in tabeliyindədir. TƏBİB rəhbərli yeni dəyişib, amma indiyədək bu qurumla digər dövlət qurumları arasında koordinasiya yox idi. Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə TƏBİB bir-birini dinləmirdi, sanki bu iki qurum arasında mübarizə gedirdi. Halbuki TƏBİB Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tabedir. Səhiyyə Nazirliyi də onlara söz demək səlahiyyətində deyil. Amma vətəndaş narazılığını nazirliyə yönəldir. Xarici ölkələrdə işləyənlər tibbi sığortaya pul yatırırlar və keyfiyyətli xidmətdən yararlanırlar. Bizdə elə məsələlər var ki, həll edilməsi cəmi bir ay tələb edir, ancaq  həmin xırda problemdən yüzlərlə vətəndaş əziyyət çəkir. Tibbi sığorta sistemi Gürcüstanda işləyir, problem də yoxdur. Niyə gürcülər bunu edə bilirlər, biz isə edə bilmirik?”

“Seçicilərdən icbari tibbi sığorta üzrə çoxsaylı narazılıqlar eşidirəm”

Deputat Rüfət Quliyev isə saytımıza açıqlamasında bildirib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin araşdırılmasına ehtiyac var. 

“Azərbaycanda müxtəlif istiqamətlər, o cümlədən səhiyyə sahəsi üzrə islahatlar gedir. Ancaq seçicilərdən icbari tibbi sığorta üzrə çoxsaylı narazılıqlar eşidirəm. Lakin əlimdə konkret faktlar yox idi. Təxminən 2 ay əvvəl mənə bir  xəstə ilə bağlı müraciət olundu, mən də agentliyin sədri Zaur Əliyevlə  danışdım. Bildirdim ki, ailənin maddi problemi var, xəstə reanimasiyaya yerləşdirilib, sığortalıdır. Xahiş etdim ki, sığortaya görə ödənişdən azaddırsa, azad edilsin, yox ödəniş etməlidirlərsə, bunun səbəbi xəstənin ailəsinə izah olunsun. Xəstənin sənədin göndərdim, amma agentlikdən bir həftə səs-soraq çıxmadı. Sonra deputat sorğusu göndərdim. Xəstəni xəstəxanadan çıxarırdılar, onsuz da maddi problemdən ucqar xəstəxanaya yerləşdirilmişdi. Ay yarımdan sonra zəng vurdular, yenidən xəstə haqqında məlumat verdim. Təəssüf ki, xəstə bir neçə gün əvvəl vəfat etdi. Təsəvvür edin, millət vəkilin sorğusuna belə formada cavab verirlərsə, vətəndaşa necə reaksiya verilir? Yenə də istəyirəm ki, cavab verilsin, niyə görə 2 ay ərzində bu xəstəyə baxılmadı? Bu insanı xilas etmədilər. Axı söhbət insan taleyindən gedir”, -deputat deyib. 

Apreldən indiyədək edilən müraciətlər

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən  isə bildiriblər ki, bu ilin aprel ayından etibarən icbari tibbi sığortanın Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda tətbiqinə başlanılıb. Sentyabra qədər Bakı şəhəri üzrə 904 713 vətəndaşa tibbi xidmət göstərilib. Sözügedən dövr ərzində 1 707 767 müraciət üzrə 3 480 335 tibbi xidmət vətəndaşlara təqdim olunub.

Sumqayıt şəhəri, Abşeron və Xızı rayonu üzrə isə aprel-sentyabr aylarında 169 990 vətəndaşa tibbi xidmət göstərilib. Bu müddət ərzində vətəndaşlara 350 641 müraciət üzrə 592 218 tibbi xidmət göstərilib. 

Agentlik Bakı, Abşeron və Sumqayıtda qeydiyyatda olmayan vətəndaşların icbari tibbi sığorta xidmətlərindən necə yararlanması ilə bağlı suala aydınlıq gətirib. Bildirilib ki, bütün sığortaolunanlar icbari tibbi sığortanın xidmətlər zərfindən yararlana bilərlər. Belə ki, ölkədəki pandemiya şəraiti və bəzi dövlət səhiyyə müəssisələrinin koronavirusla mübarizəyə ayrılması nəzərə alınaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən vətəndaşların tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi məqsədilə qeydiyyat yerindən asılı olmayaraq TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində xidmət almaları həyata keçirilir. 

Xidmətlər zərfinə 2550 xidmət daxildir

Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi” çərçivəsində sığortaolunanlar 2550 sayda tibbi xidmətdən yararlana bilərlər. Xidmətlər Zərfi ilə 950 sayda cərrahi əməliyyat təminata alınıb. Əməliyyatlar arasında katarakta əməliyyatı (katarakta ekstraksiya zamanı intraokulyar göz bülluru protezinin taxılması, təkmərhələli (Katarakta ekstraksiya zamanı göz bülluru protezinin taxılması FAKO və İOL)) da icbari tibbi sığorta çərçivəsində qarşılanır. 

Agentlikdən əlavə ediblər ki, vətəndaşlara tibb müəssisəsində göstərilən tibbi xidmətlə bağlı hansısa narazılığı olarsa məsələnin araşdırılması məqsədilə agentliyə müraciət etməsi tövsiyə olunur. Qanunvericiliyə əsasən, vətəndaş tərəfindən neqativ hal ilə bağlı əsaslandırılmış sübut təqdim edildiyi təqdirdə fakt müvafiq qaydada araşdırılır.

Ü.Xudiyeva

virtualaz.org

Xəbərlər