444
Cəmiyyət 28 Oktyabr 2021, 11:11

Keçmiş YAP-çı deputat Maksim Musayev vəfat edib

Hakim YAP-ın qurucularından biri, tanınmış ictimai-siyasi xadim və keçmiş deputat Maksim Musayev 83 yaşında vəfat edib. Bu haqda yerli KİV-lər mərhumun oğlu Emin Musayevə istinadla yazır. Onun ötən gün axşam ürək tutmasından vəfat etdiyi bildirilir.

Maksim Musayev 1938-ci il avqustun 18-də Qərbi Azərbaycanda, Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. 1956-cı ildə İrəvan şəhərində azərbaycan orta məktəbini bitirib. 1956-1958-ci illərdə Gəncədə Kənd Təsərrüfatı Texnikumunda təhsilini davam etdirib. 1958-ci ildən Ermənistan KP Vedi Rayon Komitəsində təlimatçı kimi çalışıb. 1960-1961-ci illərdə İrəvan Kənd Təsərrüfatı İnstitutunda, 1961-1966-cı illərdə Leninqrad Kənd Təsərrüfatı İnstitutunda və daha sonra isə Bakı Ali Partiya məktəbində təhsil alıb.

1966-cı ildən Bakıda Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda aspirant, 1970-ci ildən Azərbaycan LKGİ Mərkəzi Komitəsində təlimatçı, 1974-cü ildən Azərbaycan Respublikası Xalq Nəzarəti Komitəsində inspektor, 1980-ci ildən Azərbaycan KP MK-da təlimatçı, inspektor işləyib. 1982-ci ildən Qax Rayon Partiya Komitəsinin birinci katibi, 1988-ci ildən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda bölmə müdiri, 1989-cu ildən Azərbaycan Dövlət Qaçqınlar Komitəsi sədrinin müavini, 1990-cı ildən Xızı Rayon Partiya Komitəsinin birinci katibi, sonra rayon Sovetinin sədri, 1991-1992-ci illərdə isə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Qax və Xızı rayon sovetlərinin bir neçə çağırış deputatı, 1985-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı, 1990-cı ildə respublikanın xalq deputatı və 1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

Xəbərlər