365
Cəmiyyət 24 Oktyabr 2021, 18:14

Əgər ailə rəsmiyyət və yalandırsa, ər və ya arvad nəyə lazımdır?

Müəllif: Tengiz Ablotiya

Həyəcanlı statistika – Azərbaycanda cari ilin yeddi ayı ərzində 9 692 boşanma hadisəsi qeydə alınıb. Bu rəqəmlərə görə, ölkədə hər gün orta hesabla 50 ailə dağılır. Təxminən eyni mənzərə qonşu Gürcüstan və Ermənistanda da müşahidə olunur. Belə çıxır ki, problem ümumidir.

Hərçənd heç bir statistika və digər sosial analiz olmadan da problem göz qabağındadır. Qohum-qardaşı və dost-tanışı, məktəb və tələbə yoldaşlarınızı xatırlayın, sonra onlardan neçəsinin hələ də ailəli olduğunu, neçəsininsə artıq boşandığını yadınıza salın. Tənasüb heç olmasa 50:50-yə alınarsa, deməli, çevrənizdə yüksək mənəviyyatlı insanlar o qədər də az deyil – bu isə ürəkaçan faktdır.

Gündə 50 boşanma - həyəcanverici bir statistikadır

Gənclik səhvini təkrarlamamalı

Bu problemin miqyasına hər addımbaşı rastlaşdığımız tənha analar ordusu da şahidlik edir: onlar öz uşaqlarını məktəbə aparır, işləyir, müasir, bəzən hətta kübar həyat tərzi sürür və ən əsası ikinci dəfə ərə getməyə tələsmir, belə ki bir çoxu özünü kifayət qədər təmin etmək iqtidarındadır və gənclik səhvini təkrarlamaq istəmir.

Statistika isə, yuxarıda qeyd etdiyimiz kimi, həqiqətən də ağırdır. Lakin tələsik nəticələr çıxarmasaq, bu statistika sadəcə ölkələrimizin tədricən sivil inkişaf yoluna qədəm basdığını təsdiqləyir. Belə ki nikah haqqında ənənəvi təsəvvürlər də daxil olmaqla, bütöv bir sosial parametr dəyişir.

Məsələ burasındadır ki, erkən postsovet dönəmində ölkəmizdə formalaşmış həyat tərzi yerdə qalan hər şey kimi tamamilə anormal vəziyyət aldı. Nikah və ailə institutu isə onsuz da uzlaşmayan şeylərin uzlaşması kimi qələmə verə biləcəyimiz son dərəcə qeyri-müəyyən və davamsız sosial-iqtisadi zəminə əsaslanırdı.

Məlum olduğu kimi, Asiyada gənclər erkən evlənir – çox vaxt yeniyetməlik dövründə və adətən, 16-17 yaşında. Bu ənənənin spesifik konteksti var – nikahdan öncə seks ölüm qorxusu altında qadağan olunub, ailə təməlinin qoyulması prosesi isə sadəcə birbaşa gənclərin deyil, həm də bütün nəslin işidir. Belə ki böyüklər yeni evlənənlərin həyatına fəal şəkildə müdaxilə edirlər.

Müasir dünya üçün təbii olan nikah ittifaqı şərtləri (seçim hüququ, nikahdan öncə seksual həyat təcrübəsi, xasiyyətlərin bir-birinə uyğun gəlməməsi, psixoloji uyuşmazlıq və s.) heç kəsi narahat etmir. Təəccüblü deyil ki, ənənəyə əsaslanan qapalı cəmiyyətlərdə yaradılan ailələr, adətən, davamlı və uzunmüddətli olur.

Asiyada toydan sonra da yeni evlənənlər cəmiyyətin nəzarəti altında qalır

Avropa modelli həyat tərzi sürən ölkələrdə isə hər şey əksinədir: burda gec ərə gedirlər, öz bildikləri kimi yaşayırlar, valideynlərin və qonşuların fikirlərini praktiki olaraq yaxına buraxmırlar... Bir sözlə, seçim azadlığı ifadəsinin haqqını verirlər. Aydındır ki, bu cür cəmiyyətdə nikahlar daha uzunmüddətlidir.

İlanların qaynaşdığı, yırtıcı heyvanların dolaşdığı sosial cəngəlliklər

Təxminən XX əsrin 70-ci illərində Qafqaz sosial ənənə və mənəvi dəyərlərin iki sisteminin toqquşmasında qaldı. Bu toqquşma həm ziddiyyətli, həm də açıq-aşkar çirkin nəticələrə gətirib çıxardı ki, günü bu gün də onlarla qarşı-qarşıya qalmışıq.

Bir tərəfdən, ətrafda həyat daha müasir və azad olmağa başladı – seçim edə biləcəyin təhsil, teatr, kafe, kino, rəfiqələrinlə rahat ünsiyyət, sərt icma-tayfa nəzarətinin yoxluğu, qısası, demək olar ki, Avropa. Digər tərəfdən, gələcək ər-arvadın nikahdankənar seksi tabu olaraq qalırdı və ciddi şəkildə təqib edilirdi ki, bu da nəticədə erkən nikahlar üçün həlledici stimula çevrilirdi.

Bir sözlə, asiyasayağı yanaşma.

Başqa cür desək, o dövrün Cənubi Qafqaz xalqlarının nikah mədəniyyətinə uyğun olaraq, ailə Asiyada qəbul edildiyi kimi qurulmalı idi, həyatı isə avropasayağı sürmək olardı. Nəzərə alsaq ki, Asiyada ailələr gənclərin seçim azadlığını istisna edir, Avropada isə, əksinə, bunu geniş şəkildə yayırlar, kifayət qədər eybəcər sintezdir.

Qafqaz mentaliteti: Ailələr Asiya modeli ilə yaradılmalı, Avropa modeli ilə yaşamalıdır

Bu cür mənəvi çirkinlik təkcə xarici dünyadan bərk-bərk qapanmış və dırnaqarası mənəvi dəyərlərin boyunduruğunda əzilmiş sabiq Sovet İttifaqında mövcud ola bilərdi.

Amma hər şey nə vaxtsa bitir. SSRİ 90-nın əvvəllərində dağıldı, “inkişaf etmiş sosializm”in, demək olar ki, səksən il süni şəkildə qızdırılan baraması partladı və hamımız öz kiçik mənəvi dəyər baqajımızla ilan qaynayan və yırtıcı heyvanlarla dolu sosial cəngəlliyə düşdük.

Əxlaqlı avtoritetlər yoxa çıxdı, ictimai qınaq qorxusu həmçinin, müftə çörək qalmadı, bundan belə hər qəpiyə görə mübarizə aparmaq, ailəni qorumaq, salamat qalmaq lazım idi...

Məhz həmin vaxt, qorxulu 90-cı illərdə sosial orientirlərini itirən bir çox kişi eləcə də postapokalipsis dövrünə uyğunlaşa bilmədi. Və bu zaman təşəbbüsü qadınlar ələ aldı.

Məhz bu vəziyyətdə bir çox qafqazlı qadın, – hər halda böyük şəhərlərdə – özünə sual verdi: “Niyə? Ağlımız bir qarış havada olan yaşda, təcrübəmiz, maliyyə müstəqilliyimiz olmadığı dönəmdə ərə getdiyimiz, bizi anlamayan, bizə dəyər verməyən, bizdə fərd görməyən, çətin zamanlarda hətta ailəsini belə qoruya bilməyən adama niyə dözməliyik ki?..”

Feminizm cini butulkadan buraxılıb

Gender inqilabının iki əsas amili elə həmin vaxt formalaşdı – bir tərəfdən, avtoritetlərin eroziyaya uğraması və qınaq qorxusunun yoxluğu, digər tərəfdən – qadınların statusunun (həmçinin maliyyə statusunun) artması. Məhz o zaman feminizm cini butulkadan buraxıldı. Nəticədə əgər sovet dövrünün sonlarına doğru qadınlar maliyyə asılılığına və ictimai qınağa məruz qalmamaq üçün boşanmırdılarsa, hazırda maneələr aradan qalxıb – SSRİ-də formalaşmış çirkin, hibrid, qeyri-təbii ailə modeli tamamilə tükənib...

Azərbaycanda gün ərzində, demək olar ki, əlli boşanma hadisəsi qeydə alınır, bir o qədərinə də Gürcüstan və Ermənistanda rast gəlinir – bu heç də, bəzilərinin düşündüyü kimi, ailə dəyərlərinin və hətta ailə institutunun dağılması deyil. Bu, normaya qayıdışdır. O normada avropasayağı yaşamaq istəyən şəxslər ailələrini məhz ərlə arvadın maraqlarını nəzərə alaraq quracaq. Bu izdivacda qarşılıqlı seçim azadlığı və hüquq bərabərliyi olacaq.

Nəticələr? Bakıda bilmirəm, amma Tbilisidə bu gün kişinin körpəsini uşaq arabasında gəzdirməsi normal haldır. Yeri gəlmişkən, 30-40 il əvvəl belə bir mənzərəni ağlının ucundan belə keçirə bilməzdin.

Ata uşaq ilə gəzir - bu artıq adi bir hadisədir

Normal, avropasayağı ailə modeli Azərbaycanda da günü-gündən populyarlaşır ki, bu da könül oxşayır. Hüquq bərabərliyi və azad seçim dəyəri məhz ondan ibarətdir ki, bu gün ailə artıq çoxdan rəsmiyyətə, yalana çevrildiyi halda ərə və ya arvada dözmək məcbriyyəti deyə bir şey qalmır.

Elə bu səbəbdən də günə əlli boşanma hadisəsi düşür.

Bununla yanaşı, erkən yaşlarda valideynlərin məsləhəti ilə evlənmək və icma ilə ailənin tam nəzarəti altında olmaq seçimini ənənəvi həyat tərzinin dindar və mühafizəkar tərəfdarlarının əlindən heç kəs almır. Zənnimcə, bu cür birgə həyatın perspektivləri son dərəcə şübhəlidir.

Əvəzində boşanma halı yoxdur.

Möhtərəm xanımlar və cənablar, ailə institutu dağılmır! O sadəcə yeni, daha təbii və harmonik forma axtarışındadır.

Sadəcə belə!

Xəbərlər