112
Cəmiyyət 2 Avqust 2021, 11:30

Toylarda reydlər davam edir

Daxili İşlər Nazirliyi toylarda reydlərin keçirilməsini davam edir.

Belə ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ötən ay şadlıq saraylarında və fərdi evlərdə təşkil edilən 50 toy mərasimində qaydaların pozulduğu aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, 45 ünvanda keçirilən toy məclislərində iştirak edən qonaqların müəyyən edilən say həddindən artıq olduğu aşkarlanıb ki, həmin toy sahibləri barəsində də protokol tərtib olunaraq cərimələniblər. 5 şadlıq sarayında təşkil edilən toy mərasimlərində isə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, dəvət edilən qonaqların COVID pasportu olmaması, eləcə də 150 nəfərdən artıq olması aşkarlanıb. Həmin obyekt sahibləri barəsində də qanunavericiliyə uyğun müvafiq tədbir görülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı Bərdə rayonunda yerləşən "Kral" şadlıq sarayında, eləcə də rayonun Şatırlı kəndində fərdi yaşayış evində keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.

Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı analoji qayda pozuntuları rayonun Düyərli və Hacıqərvənd kəndlərində baş tutan toy məclislərində də aşkarlanıb.

Füzuli RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən toy məclislərində ümumilikdə 10 nəfərin qayda pozuntusuna yol verdiyi aşkar edilib və 106 qonaq isə toya buraxılmayıb.

Qayda pozuntularına yol vermiş obyekt və ev sahibləri ilə profilaktiki səpkidə söhbətlər aparılıb və həmin şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.

Ümumiyyətlə, iyulun 31-də və avqustun 1-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və Dövlət Vergi Xidmətinin nümayəndələri respublika ərazisində 640 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 185 nəfər cərimə olunub, 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib, 5263 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Xəbərlər