2442
Cəmiyyət 27 İyul 2021, 19:18

Bakıda axtarışda olan Müseyib Ələsgərov polisin əlinə keçməmək üçün qumbara partlatdı

19.18

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Bakıda axtarışda olan şəxsin polisin əlinə keçməmək üçün özünü qumbara ilə partlatması hadisəsi ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, iyulun 27-də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 1982-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin narkotiklərlə əlaqəli və qaçaqmalçılıq maddələri ilə məhkum olunmuş Müseyib Ələsgərovun paytaxtın Yasamal rayonu ərazisində idarə etdiyi avtomaşın saxlanılarkən həmin polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərib. Bu zaman üzərində olan qumbara partlayıb, nəticədə M.Ələsgərovu öldürüb.

Avtomaşında olan sərnişin, 1993-cü il təvəllüdlü, əvvəllər soyğunçuluq cinayətinə görə məhkum olunmuş Elman Qurbanov isə qaçarkən saxlanılıb. Şəxsi axtarış zamanı ondan külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb. Partlayış zamanı 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Avtomaşına baxış keçirilərkən əlavə silah-sursat aşkarlanıb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, hazırda iş üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

Bakıda dəhşətli hadisə baş verib. Axtarışda olan şəxs özünü qumbara ilə partladıb. Hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Maşın bazarı” adlanan ərazidə qeydə alınıb. Axtarışda olan şəxs “Maşın bazarı” adlanan əraziyə gələrək özünü partlatmaq istəyib. Həmin şəxsi zərərsizləşdirilən zaman o, qumbaranı işə salaraq özünü partladıb.

Hadisə zamanı üç nəfər polis əməkdaşı da xəsarət alıb. 

Hazırda hüquq-mühafizə orqanların əməkdaşları hadisə yerinə cəlb olunub.

Xəbərlər