862
Cəmiyyət 3 may — 21:11

Lökbatanda yeniyetmə “Lotu Quli”yə görə tanımadığı şəxsi bıçaqladı

Bakının Qaradağ rayonunda, Lökbatan qəsəbəsində yeniyetmə “Lotu Quli”yə görə əvvəllər tanımadığı şəxsi bıçaqlayıb. Bu hadisə ötən ilin sentyabrında, “Lotu Quli”nin (Nadir Səlifov) Türkiyənin Antalya şəhərindəki otellərdən birində öz yaxın ətrafına daxil olan “Xan Bakinski” ləqəbli Xəqan Zeynalov tərəfindən güllələnməsindən təxminən iki həftə sonra baş verib.

Bakı Ağır Cinayətlər Məhkəməsində bu cinayət işi üzrə proses yekunlaşıb və 2003-cü il təvəllüdlü İ.Həsənova 8 il həbs cəzası verilib. O, adam öldürməyə cəhddə təqsirli bilinib.

Bıçaqlanma hadisəsi 2020-ci il sentyabrın 4-ü saat 23:30 radələrində paytaxın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində qeydə alınıb. Qəsəbə sakini, yetkinlik yaşına çatmayan - 2003-cü il təvəllüdlü İ.Həsənov münaqişə zəminində tanımadığı şəxsi - 1981-ci il təvəllüdlü Oleq Yaqibekovu bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb, onun həyatı xilas edilib.

Hadisəni törədən 17 yaşlı İ.Həsənov həmin gün saxlanılıb.Onun barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci (qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

İ.Həsənov məhkəmədə ifadə verən zaman deyib ki, hadisə zamanı O.Yaqibekov sərxoş olub və kriminal avtoritetlər haqqında danışmağa başlayıb. Onun sözlərinə görə, zərərçəkmiş kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan azərbaycanlı “qanuni oğru” Nadir Səlifovu təhqir edib. Buna görə də İ.Həsənov cibindəki qatlanan bıçaqla O.Yaqibekovun boğaz və qarın nahiyəsinə zərbələr endirib.

Məlum olub ki,  İ.Həsənovun atası Bayram Həsənov 2010-cu ildə qayınatasını öldürdüyünə görə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, həbsdən indilərdə çıxmalıdır və belə görünür ki, indi onu həbsxanada oğlu əvəz etməli olacaq...

Virtualaz.org

 

Xəbərlər