282
Cəmiyyət 15 yanvar — 11:18

Hirkan Milli Parkındakı yanğının söndürülməsinə təyyarə cəlb olundu

Hirkan Milli Parkında (Astara rayonu ərazisi) yanğın davam edir.

Virtualaz.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində davam edən yanğının söndürülməsi küləyin güclənməsi səbəbindən bir qədər də çətinləşib. Yanğının söndürülməsi və geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə FHN-dən əlavə qüvvələr cəlb olunub.

Hazırda Cənub Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları mürəkkəb relyef şəraitində (yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur) yanğınsöndürmə işlərini həyata keçirirlər.

Bu gün səhər saatlarından etibarən FHN-nin Aviasiya dəstəsinin "BE-200ÇS" amfibiya təyyarəsi yanğının söndürülməsinə cəlb olunub.

**21:37(14.01.2021)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Astara rayonu ərazisində Hirkan Milli Parkında yanğın olması barədə məlumat daxil olub.

Virtualaz.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri əraziyə cəlb olunub. Yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları köməklik göstərirlər.

Yanğınsöndürmə işləri mürəkkəb relyef şəraitində aparılır. İlkin məlumata görə, təqribən 2 ha sahədə xəzəl, kol-kos və qurumuş ağac kötükləri yanır.

Əlavə məlumat veriləcək.

Xəbərlər