407
Cəmiyyət 13 yanvar — 12:54

Qarabağ uğrunda qanları axan atalar və oğullar: İlkin Ələkbərov də atası kimi qazi oldu...

İkinci Qarabağ savaşının bir çox qazilərini və şəhidlərini digərlərindən ayıran özəllik onların qazi və şəhid övladları olmasıdır. Birinci Qarabağ savaşının şəhidlərinin və qazilərinin övladları böyüdülər, əsgər, döyüşçü oldular və atalarının bu torpaqlar uğrunda axan qanlarının qisasını almaq üçün döyüşə atıldılar. Və onların bir çoxunun qismətinə ataları kimi şəhid və ya qazi olmaq düşdü.

1998-ci ildə Neftçalada anadan olmuş 22 yaşlı qazi İlkin Ələkbərov da belələrindəndir. Onun atası Elçin birinci Qarabağ müharibəsində tankçı kimi döyüşüb, 1992-ci ildə qızğın döyüşlərin birində ağır yaralanıb. Əlil olub, müharibədə aldığı xəsarətlərdən illər boyu müalicə alıb və nəhayət 2014-cü ildə səhhəti bu yükə tab gətirməyib. Qazi Elçin vəfat edib, bir il sonra onun ömür-gün yoldaşı Həyat da ağır xəstəlikdən dünyadan köçüb. Nəticədə onların üç oğul övladı-yetkinlik yaşına çatmayan İlkin və azyaşlı qardaşları Muradla Asiman yetim qalıblar.

Başsız qalan, hər iki valideyinini bir-birinin ardınca itirən üç qardaşı xalaları öz himayəsinə götürüb, onları yaşadığı Salyan şəhərindəki evinə gətirib. İlkin 2016-cı ildə Salyan şəhərindəki Ə.Kürçaylı adına 7 saylı litseyin 9-cu sinfini bitirərək Bakı Rabitə Kollecinə daxil olub. 2020-ci ildə təhsilini başa vurub, həmin ilin iyul ayında hərbi xidmətə yollanıb. Xidmətə Ağcabədi rayonunda, cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində başlayıb. Cəmi iki ay sonra Vətən müharibəsi başlayıb, İlkinin xidmət etdiyi hərbi hissə də döyüşə atılıb. Lakin İlkin cəmi 2 aydır xidmət etdiyindən təcrübəsiz əsgər kimi onu döyüşə aparmaq istəməyiblər. Amma o, komandirə ərizə yazaraq könüllü olaraq döyüşə yollanıb.

 İlk döyüşləri Fizuli rayonunun ərazisində olub. Döyüşlərdə şücaət göstərən İlkin Fizuli uğrunda gedən döyüşlərin birində baş nahiyəsindən snayper gülləsinə tuş gəlib. Güllə dəbilqəni dağdaraq onun başının sağ hissəsinə dəyib və kəllə sümüyünü dağıdıb. 9 gün komada olan İlkin 45 gün Bakıdakı   Mərkəzi Klinik Xəstəxanada müalicə edildikdən sonra vəziyyəti qismən yaxşılaşıb və evə buraxılıb. Lakin kəllə sümüyünü dağıtmış güllə həm də beynindəki sinir uclarını zədələdiyindən hazırda İlkinin sol ətrafı iflic vəziyyətindədir.

İlkin qazi atasının yolunu davam etdirdiyi üçün qürurludur, amma əlil olduğu üçün işləyə və özündən kiçik qardaşlarına güzəran qurmaqda kömək edə bilməyəcək. Məsələnin ağrılı tərəfi həm də budur ki, İlkin və qardaşlarının yaşamağa evi yoxdur.  Heç əvvəldən də olmayıb. Neftçalada onların ailəsi, yəni 1-ci qrup Qarabağ əlili və övladları kirayədə yaşayıblar. Xalası Xanım deyir ki, Neftçala rayonunda yaşayanda İlkinin atası Elçin Ələkbərov  1-ci qrup Qarabağ əlili kimi mənzil növbəsində idi. Amma ona mənzil almaq qismət olmadı, dünyadan köçdü.

“Elçin vəfat etdikdən sonra ağır onkoloji xəstə olan bacım 3 oğlan uşağını da götürüb Neftçaladan Salyana köçmüşdü. Kirayə ev tutub yaşamağa başladılar. Ona görə də həyat yoldaşı , Qarabağ əlili mərhum Elçin Ələkbərovun mənzil növbəsini Neftçala rayonundan Salyan rayonuna keçirdik. Lakin 1 il sonra bacım da xəstəlikdən dünyasını dəyişdi. 3 azyaşlı oğlan uşağı atasız-anasız  bir müddət kirayədə yaşadılar, amma kirayədə qaldıqları ev də yararsız idi, həmin ev uçub dağıldığına görə onları öz evimə köçürmüşəm”-İlkinin xalası deyir.

İlkin özü də deyir ki,  ən böyük arzusu qardaşları ilə birlikdə yaşamağa evlərinin olmasıdır.

Qeyd edək ki, Ilkin Elçın oğlu Ələkbərov döyüşlərdə göstərdiyi şücaətə görə “Cəsur döyüşçü” və “Fizulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Bir neçə gün əvvəl Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlər üçün yeni tikilən mənzillərin şəhid ailələrinə veriləcəyini elan edib. Bu baxımdan gözlənilir ki, İlkin kimi mənzilə təcili ehtiyacı olan qazilər də diqqətdən kənarda qalmayacaq və ona mənzil veriləcək.

 

Emil Məmmədov, Salyan

 Virtualaz.org

Xəbərlər