978
Cəmiyyət 12 yanvar — 15:06

Torbadakı zəhər...

Azərbaycan gündəmini 44 günlük müharibə və onun nəticələri, Qarabağın 30 ilə yaxın çəkən işğaldan sonra nəhayət azad olunması təşkil etdiyi bir vaxtda Milli Məclis çoxlarının diqqətini çəkməyən qanunvericilik aktını təsdiqlədi.  Bu ilin yanvarın 1-dən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların istifadəsini və satışını qadağan edən qanun qüvvəyə mindi.

Əslində, bu qanun qəfil meydana çıxmamışdı, həmin sellofan torbaların ekoloji zərəri illərdir müzakirə olunurdu, ekoloqlar, ekspertlər və hökumət strukturları tərəfindən onların istifadəsinin qadağan edilməsi ilə bağlı təkliflər vaxtaşırı olaraq gündəmə gəlirdi. Çünki kimyəvi tullantılardan hazırlanan bu torbaların istifadədən sonra utlitizasiyası həmişə mümkün olmur. Torbalar istifadə olunduqdan sonra bir çox hallarda ətrafa atılır və nəticədə ətraf mühiti çirkləndirir. Axı belə torbalar on illər boyu torpaqda qalsa belə çürümür, çürüsə belə ətraf mühiti  zəhərli kimyəvi maddələrlə çirkləndirmiş olur.

Hələ onu demirik ki, Bakı kimi küləklər şəhərində mənzərə daha acınacaqlı olur, bir az küləkli havalarda torbalar havada uçuşur, ağacların budaqlarına ilişir,  yağış sularına qarışaraq küçəboyu axır. Bu, hamıya tanış mənzərədir və uzunmüddətli planda hamını narahat etməli olan məsələdir. Nəzərə alaq ki, dünyanın bir çox ölkələri çoxdan bu problemi həll ediblər, cərimələrlə yanaşı müxtəlif təşviqedici aksiyalara da əl atmaqla.

Torba özü nazik olsa da cərimələr “qalındır”...

Beləliklə, uzun müzakirələrdən sonra nəhayət, ötən il “Ətraf mühitin mühafizəsi haqqında” qanun layihəsinə dəyişiklər edilib. Dəyişikliklərə əsasən qalınlığı 15 mikrona qədər olan, yəni “pinqvin” adlandırılan və onun kimi digər nazik torbaların istifadəsi və satışının qadağan edilməsi də həmin layihədə əksini tapıb. Yeni qadağalara əsasən, xidmət obyektlərindən plastik materialların istehlakçıya satılması və ya verilməsi hallarına rast gəlinərsə, fiziki şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 4000 manatadək məbləğdə cərimə olunacaqlar. Bu cür faktlar bir il ərzində təkrarlanarsa fiziki şəxəslər 1500 manatdan 2000 manatadək, hüququ şəxslər isə 4000 manatadək cərimələnəcəklər.

Bunlar bir ilə yaxındır həm də “koronacərimələr” təhlükəsi ilə üzləşən  ticarətçilərin cibini təhdid edən sanballı məbləğlərdir və deməli torba qadağasını pozub həmin cərimələri ödəmək riski ilə üzləşməyə dəyməzdi. Axı bu, həm də bir tərəfdən hamının marağında olan qadağadır, çünki çirklənmiş ətraf mühit hamının sağlamlığını təhdid etmiş olur.

Bakı mağazalarında satıcıların çoxunun xəbəri yoxmuş...

Bu baxımdan Virtualaz.org-un əməkdaşları paytaxtın bir neçə ticarət obyektlərinə, supermarketlərə və kiçik məhəllə mağazalarına baş çəkib. Məlum olur ki,  torba cərimələrinin qüvvəyə minməsindən günlər keçsə də, qadağalara tam əməl edilmir. Üstəlik, təkcə xırda ticarət mərkəzlərində, yaxud məhəllə marketlərində deyil, iri ticarət mərkəzlərində də hələ “pinqvin” torbalardan istifadə edilir, hətta bir  çoxları qadağadan xəbərsizdir. Məsələn, metronun “28 May” stansiyasının ətrafında bir neçə ərzaq və meyvə-tərəvəz obyektlərində hələ də məhsullar “pinqvin” torbalara yığılır.

Satıcılardan biri deyir ki, bu torbalardan istifadənin qadağan olunduğunu televizordan eşidib. “Dedilər ki, ziyanlıdır, torpaqda 60 ildən sonra çürüyür. İçərisinə isti çörək, ərzaq qoymaq olmaz. Amma əvvəlcədən alternativ variant yaratsınlar, sonra qərar versinlər. Ətrafa baxın, hansı obyektdə kağız torbalar var? İndi neyləyək? Millət ərzağı əlində daşısın?” – “Dəmiryolu xəstəxanası”nın yaxınlığındakı ərzaq dükanlarından birinin satıcısı deyir.

Digər satıcı isə əlavə edib ki, əvvəlcə gün ərzində minlərlə alıcısı olan iri ticarət mərkəzləri qaydalara əməl etməlidirlər. Sonra onlar da “pinqvin” torbalardan istifadəni dayandıracaqlar: “İki bulka satıram, torbaya qoymasam kim alacaq?”

“Bir-iki limona görə qalın torbalardan istifadə edək?...”

S.Vurğun bağının yaxınlığındakı meyvə-tərəvəz mağazalarının satıcıları isə ümumiyyətlə qadağalardan, cərimələrdən xəbərsizdirlər. Deyirlər ki, meyvə-tərəvəzi kiloqramla deyil, ədədlə alanlar da var. Məsələn, bir-iki limona, yaxud iki-üç dəstə göyərtiyə görə qalın torbalardan istifadə edə bilməzlər. Bundan əlavə, hələlik onlara xəbərdarlıq olunmayıb. (Baxmayaraq ki, qanun və cərimələrlə bağlı sayt və telekanallarda məlumatlar verilib,-red.)

Bağın ətrafında küçə ticarəti ilə məşğul olanlar, eyni zamanda dönər və şirniyyat satanlar da “pinqvin” torbalardan istifadə edirlər. 28 may küçəsində meyvə və süd satışı ilə məşğul olan Nəcibə adlı satıcı deyib ki, əvvəllər, yəni Sovetlər dönəmində kağız torbalardan, iplərdən hörülmüş, o cümlədən həsir zənbillərdən istifadə edilirdi: “Elə mənim özümün həm həsir, həm də ipli “setka”m var idi. Aldığımız məhsulları kağız torbanın içinə yığar, həmin zənbillərə doldurardıq. İndi bir az külək olan kimi havada torbalar uçuşur. Əslində bu qərar yaxşıdır. Amma satışda hələ kağız torbalar yoxdur. Bir də ki hər şey pulun başındadır. Kağız torbalar sərf edilən qiymətə satılarsa niyə istifadə etməyək ki? “Pinqvin”in qiyməti qəpik-quruşadır deyə istifadə edirik”.

Polietilen torbalarsız keçinmək olmaz?

Həmçinin iri ticarət mərkəzlərinin xüsusilə meyvə-tərəvəz və şirniyyat bölmələrində hələ də polietilen torbalardan istifadə edilir. Satıcılar deyirlər ki, onlara qadağalarla bağlı xəbərdarlıq edilməyib. “Bu torbalar istifadədən yığışdırılarsa əvvəlcə bizim xəbərimiz olardı. Amma onu da deyim ki, əvvəlki vaxtlara baxanda indi nisbətən qalın torbalar verilir. Amma yenə də kiloqramla satılan məhsulları “pinqvin”lərə yığırıq. Bizə “pinqvin” torbaların istifadədən çıxarılmasını heç kim tapşırmayıb”- Aysel adlı satıcı deyir.

Məlumat üçün bildirək ki, parça torbalar satışda var, qiyməti 2 manatdan yuxarıdır. Alıcılar deyirlər ki, istənilən halda polietilen torbalara ehtiyac var. Onların fikrincə, parçadan olan, tez çirklənən torbalara bütün məhsulları yığmaq mümkün deyil.

Sellafon torbalardan daha çox Bakı bazarlarında istifadə edilir. Satıcılar deyiblər ki, onlar indiyədək “pinqvin”lərdən istifadə ediblər və hələlik belə də davam edəcək.

O da bəlli olur ki, baş çəkdiyimiz  ticarət mərkəzlərində qadağalara görə hələlik heç kim cərimələnməyib.

Ekoloqlar nə düşünür...

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov isə bildirir ki, əvvəlcə alternativ varianlar olmalı, sonra qadağalar tətbiq ediləməlidir. “Plastik torbaların ətraf mühitə vurduğu zərərlə bağlı məsələ həqiqətən ciddidir və bu problemlə çoxdan məşğul olmaq lazım idi. Amma kağız torbalar da çıxış yolu deyil, çünki bu da ekologiyaya zərərdir, yaşıllıqlar məhv edilə bilər. Məsələn, təklif edilməlidir ki, istehsalçı öz məhsulunu, yəni tullantıları özü yığsın,  xammaldan yenidən istifadə etsin. Yaxud qəbuledici məntəqələr yaratmalıdır,  istehsalçı tullantılarını özü qəbul etməlidir”.

Ekoloq Minayə Ələkbərli isə deyib ki, polietilen torbaların ekologiyaya vurduğu zərər böyükdür. Və qadağaların tətbiqindən əvvəl bununla bağlı neçə vaxtdır təbliğatlar aparılır. Artıq dünyanın bir neçə ölkəsində “pinqvin”lərdən imtina olunub. Ekoloqun fikrincə, parça və ya toxunma materialdan hazırlanan torbalara daha səmərəlidir.

 “Kağız torbalar yaxşı olsa da istifadəyə davamlı deyil. Ancaq parça torbalar daha rahat şəkildə istifadəyə yararlıdır. Ən uyğunu, məncə parça və toxunma torbalardır”,-ekoloq deyir.

Ən uyğunu hansılardır, əlbətdə, bu haqda müzakirələri davam etdirmək və təkliflər vermək olar. Amma fakt budur ki, plastik torbaların ən azından müəyyən qismini istifadə etmək hazırda ticarətçilərin cibi üçün babat risk yaradır. Ola bilsin hələ cərimələri tətbiq edən yoxdur, amma parlament də həmin düzəlişi kağız üzərində qalmaq xatirinə qəbul etməyib...

Bu arada Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Günel Bəhramqızı yerli KİV-lərə bildirib ki, qanunvericiliyin tələblərinə riayət edilməsinə  nəzarət məqsədilə xidmət tərəfindən tədbirlər planı hazırlanır. Bu plana uyğun nəzarət tədbirlərinin həyata keçirilməsi təmin olunacaq. Qanunvericiliyin tələblərinə əməl olunmamasına görə ciddi  tədbirlər nəzərdə tutulur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müavini Mehman Nəbiyev isə deyib ki, market sahibləri ilə görüşlər keçirililib, fərmandan irəli gələn məsələlərin izahı verilib. “Gələcəkdə bu paketlərin pulla satılması ilə bağlı təkliflərimiz var. Yaxın zamanlarda bu təkliflərə də baxılacaq”,-sektor müavini əlavə edib.

Ülviyyə Xudiyeva

İnarə Rafiqqızı

Virtualaz.org

 

 

Xəbərlər