245
Cəmiyyət 4 avqust — 18:39

Azərbaycanda 10 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

DİN-dən virtualaz.org-a verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı Astara rayonunun sakini Abdulla Məmmədov tutulub. Onun üzərində axtarış aparılan zaman 3 qrama yaxın narkotik vasitə tiryək aşkar olunaraq götürülüb.

Abdulla Məmmədovun ətrafında əlavə əməliyyat tədbirləri keçirilərkən onun Abşeron rayonunun Masazır qəsəbəsində kirayə yaşadığı mənzildə külli miqdarda narkotik vasitə və psixotrop maddə saxladığı da məlum olub.

Polislər tərəfindən həmin ünvana baxış zamanı 855 qram heroin, 6 kiloqram 475 qram tiryək, 1 kiloqram 885 qram qurudulmuş marixuana və 904 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Bu əməliyyat zamanı ümumilikdə 10 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Abdulla Məmmədov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan “Əli” adlı İran vətəndaşından aldığını bildirib.

Xəbərlər