307
Cəmiyyət 4 iyul — 15:10

Ərəstun yarım kilo heroini götürüb keçmiş məhbəs yoldaşını görüşə çağırdı və...

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Cəlilabad rayon sakini, 51 yaşlı Ərəstun Qubadovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayan Ərəstun Orucov şəxsiyyəti istintaqa məlum olmayan “Ata” adlı şəxslə əlbir olaraq cinayət ələqəsinə girib. Ötən ilin sonunda satmaq məqsədilə “Ata”dan aldığı külli miqdarda heroini hissələrə bölərək qablaşdırıb və kirayə yaşadığı mənzildə saxlayıb. Ə.Qubadov heroin satışı ilə məşğul olması barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında bu il yanvarın 12-də paytaxtın Xətai rayonu ərazisində “Mirvari Plaza” restoranının qarşısında saxlanılıb və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Üzərinə baxış keçirilib, əl çantasından ayrı-ayrı bükümlərdə yarım kilodan çox heroin aşkarlanıb. Həmçinin, Ə.Qubadovun kirayə yaşadığı mənzilə də baxış keçirilib. Mənzildən 500,849 qram heroin aşkarlanaraq götürülüb.

Törətdiyi cinayət əməlinə görə Ə.Qubadov barəsində Nərimanov Rayon Məhkəməsi tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən Ərəstun Qubadov ifadəsində oğurluq etdiyinə və narkotik alverinə görə dörd dəfə məhkum olunduğunu deyib. Sonuncu dəfə eyni əmələ görə 2010-cu ildə 10 il azadlıqdan məhrum edilib. 9 il 6 ay cəza çəkdikdən sonra Masallı Rayon Məhkəməsinin qərarı ilə şərti olaraq azadlığa buraxılıb.

Həbsdən çıxar-çıxmaz yenə də köhnə “ədətini” davam etdirib. Özünün dediyi kimi gah “kakos”, gah “şüşə”, gah da heroin qəbul edib. Heç yerdə işləməyən, qazanc yeri, gəliri olmayan keçmiş məhkum gündəlik 100-150 manatlıq heroini haradan əldə etməsi barədə belə deyib: “Gündə dörd-beş dəfə narkotik qəbul etməyəndə “lomka” yaranır, ağrılarım olurdu, özümü çox pis hiss edirdim. İşləmirdim, amma gündəlik tələbatlarımı qarşılamaq və özümə heroin ala bilmək üçün həbsdən çıxdıqdan sonra narkotik alverinə başladım”.

Ə.Qubadovun ifadəsinə görə, narkotik vasitələri əsasən Cəlilabad rayonunda yerləşən “İran bazarı”adlanan yerdə, üzdən tanıdığı, adlarını bilmədiyi şəxslərdən alıb. Onlarla “İran bazarı”nın içərisində fəaliyyət göstərən çadır çayxanalarda rastlaşıb, görüşüb, razılığa gəlib, “alış-veriş” edib. “Kakos”un 1 qramını 14-15 manata, “şüşə”nin 1 qramını 25 manata alıb, Bakı şəhərinə gətirərək bir az baha qiymətə satıb. Narkotikin dövriyyəsini rahat həyata keçirmək məqsədilə paytaxtda mənzil kirayələyib.

Ötən ilin dekabrında “İran bazarı”nda “Ata” adlı şəxsdən aldığı bir kiloqramdan çox heroini özü ilə Bakıya gətirib. Kirayə yaşadığı mənzildə yerbəyer edib, qablaşdırıb, amma bu dəfə satışını həyata keçirə bilməyib: “Əvvəllər də “Ata”dan heroin, “kakos” almışam. Mənə etibar edirdi, malı da həmişə ucuz verirdi. Bu dəfə də 8 min manatlıq heroin aldım. “Mal”ın pulundan borclu qaldım. Belə danışdıq ki, satandan sonra yerdə qalan pulu növbəti dəfə gələndə verəcəm. Heroini sellofan torbalara büküb ayırdım. Təxminən yarım kilosunu əl çantasına qoyub özümlə götürdüm ki, istəyən olsa, müştəri tapanda satım. Digər yarım kilonu isə mətbəxtdəki şkafda gizlətdim”.

Vaxtilə 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhbəs yoldaşı Ceyhun Rzayevlə zəngləşən Ə.Qubadov ona “Mirvari Plaza” ya gəlməyi, orada birlikdə nahar etməyi təklif edib. Evdən çıxanda narkotik dolu çantasını da özü ilə götürüb, taksi sürücüsü olan tanışı Adil Nəzərova zəng vurub. Onun idarə etdiyi avtomobillə görüş yerinə gəlib. Dustaq yoldaşı ilə “Mirvari Plaza”nın qarşısında görüşən zaman mülki geyimli şəxslər onlara yaxınlaşıblar: “Heroin alveri ilə məşğul olmağım haqda nə Ceyhun, nə də taksi sürücüsü Adil bilməyib. Bizim üçümüzü də “banditizmə” apardlar. Çantamdakı heroini harasa atmağa, gizlətməyə imkan olmadı. Artıq yaxalandığımı başa düşdüm. Hər üçümüzün üzərinə baxış keçirildi. İçərisində heroin olan əl çantamı polislərə verdim. Daha sonra Ceyhunun və Adilin üzərinə baxış keçirdilər. Onlarda qanunsuz heç bir şey aşkarlanmadı”.

Məhkəmə prosesi davam edir.

İnarə Rafiqqızı

Virtualaz.org

Xəbərlər