2522
Cəmiyyət 28 iyun — 14:55

Xəzər dənizi Kürə qarışıb, Neftçala susuz qalıb

Qafqazın ən böyük çayı olan Kürdə son aylar indiyədək görünməmiş ciddi ekoloji böhran yaşanır.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Kürün mənsəbində Xəzər dənizinin suyu çaya qovuşaraq “irəliləmək”də davam edir. Artıq dənizin suyu Kür boyunca 60 km məsafədə çaya qarışaraq Neftçala rayonunun Aşağı Surra kəndinə çatıb. Şor dəniz suyunun Kür çayına qarışması nəticəsində çayın suyu əhali tərəfindən istifadə üçün yarasız hala düşüb. Bu səbəbdən də artıq xeyli müddətdir ki, Nefçala şəhəri və əksər kəndlərdə əhali su problemi yaşayır. Rayona içməli su maşınlarla Salyan rayonunun ərazisindən daşınıb paylanır. Hətta Kürün suyu o qədər şorlaşıb ki, onu mal-qara belə içə bilmir, əkinlər susuzluqdan yanır.

Problemin əsasında isə o durur ki, Kür çayında suyun səviyyəsi hətta ən yaşlı adamların belə xatırlamadıqları səviyyədə aşağı düşüb və bu səbəbdən çayın ən çökək yeri olan Xəzərə tökülən hissəsində dəniz sularına qovuşaraq geri axır. Kür daşqınlarnın qarşısının alınması üçün deltada lildən təmizləmə və dərinləşdirmə işləri görülməsi də dənizin çaya girməsini asanlaşdırıb. Hazırda rayon əhalisi həm içməli , həm də texniki su sarıdan böyük çətinliklərlə üzləşdiyindən Neftçala RİH-də Operativ Qərargah yaradılıb. Rayona “Azərsu”nun maşınları cəlb olunub, hətta bəzi ərazilərdə yeraltı sulardan istifadə etmək üçün quyuların qazılmasına başlanılıb. Amma əhalinin içməli su problemi və mal-qaranı suvarmaqla bağlı vəziyyət həddən artıq çətin olaraq qalmadadır. Hətta yerli sakinlərin verdikləri məlumata görə, Kürün şor suyunu içə bilməyən heyvanlar arasında tələfat müşahidə olunur.

Qeyd edək ki, Qafqazın ən böyük çayı olan Kürün uzunluğu 1515 km-dir, üç ölkənin - Azərbaycan, Türkiyə və Gürcüstanın ərazisindən axır. Kür öz başlanğıcını Türkiyənin şimal-şərqindəki buzlaqlardan götürür, Türkiyə və Gürcüstandan keçərək Azərbaycan ərazisinə daxil olur. Burada Kür özünün ən böyük qolu olan Araz çayı ilə Sabirabad şəhəri yaxınlığında birləşərək, Xəzər dənizinə tökülür. Beləcə, Kür çayının suyunun 80 faizdən çoxu, ölkə sularının isə 70 faizi sərhədlərimizdən kənarda formalaşır. Lakin son illər yaşanan qlobal istiləşmə və suların düzgün idarə olunmaması nəticəsində ölkəmizə Kür çayından daxil olan suyun həcmi 25 faiz , Arazdan daxil olan suyun həcmi isə 60 faizdən artıq azalıb ki, bu da ciddi narahatlıq doğuran vəziyyətdir.

Daha bir vacib məqam. Mingəçevir su anbarı istifadəyə verilən 1953-cü ildən sonra Kür çayı idarə olunan çaylar sırasına daxil olub. Uzunluğu 70 kilometr, eni 3-17 kilometr, dərinliyi 83 metr olan anbarın dolması üçün 6 il vaxt lazım olub və ilk dəfə 1959-cu ildə dolub. Ümumi su tutumu 15730 mln.kub metr olan anbardan uzunluğu 172 km olan Yuxarı Qarabağ kanalı və 123 km olan Yuxarı Şirvan kanalı da qidalanır. Yəni Mingəçevir gölü adlanan bu anbarı nəhəng su tutumuna malikdir. Söhbət etdiyimiz və Neftçalada fəaliyyət göstərən vətəndaş cəmiyyəti fəallları vəziyyətdən çıxış yolunu Kür daşqınlarının qarşısının alınması üçün deltada 2011-2012-ci illərdə qazılmış yeni kanalın doldurulmasında və Mingəçevir anbarından Kür çayına buraxılan suyun həcminin artırılmasında görürlər.

Onu da qeyd edək ki, hazırda Şirvan istilik enerji stansiyasında soyutma prosesini təmin etmək üçün Kürün qarşısının kəsilərək suyunun toplanması da aşağı axında səviyyənin enməsinə təsir edən amillərdəndir. Amma elektrik enerjisi hasil etmək də zəruri olduğundan posesi dayandırmaq mümkün olmur. Ölkəmizin üzləşdiyi bu ciddi su problemi isə yerli, o cümlədən Türkiyə, Gürcüstan və İran kimi dövlətlərin mütəxəssislərinin iştirakı ilə təcili müzakirəsini və həllini gözləyir.

Emil Məmmədov

Virtualaz.org

Xəbərlər