4093
Cəmiyyət 21 may — 19:43

Kənddə yas mərasimi: 155 nəfər koronavirusa yoluxdu, rayon başçısı Osmanov istefa verdi

Rusiyanın Şimali Qafqazında, Adıgey muxtar respublikasının kəndlərindən birində keçirilən yas mərasimi azı 155 nəfərin koronavirusa yoluxması ilə nəticələnib.

Virtualaz.org “Azadlıq” radiosunun rus xidmətinə istinadən xəbər verir ki, Adıgey respublikasının Krasnoqvardeysk rayonunun Bjeduqxabl kəndində həmin yas mərasimi mayın 1-də baş tutub, ölən şəxsin diaqnozu açıqlanmır, amma onun koronavirus pnevmoniyasından öldüyü təxmin edilir.

Yas mərasiminə 500-dən çox adam qatılıb. Bunun ardınca mərasimdə iştirak edən qadınlardan birində COVİD-19 aşkarlanıb, sonrakı günlərdə yoluxanların sayı artıb və mayın 19-da artıq kənddə 155 nəfərin virusa yoluxduğu müəyyən edilmişdi.

Yaranmış vəziyyətlə bağlı rayon başçısı Albert Osmanov istefa verib. Bu haqda Adıgey hökuməti bildirir. Onun səlahiyyətlərinin icrası Temur Qubjokova tapşırılıb və qarşısında yerli sakinlər arasında koronavirusa yoluxma ilə bağlı vəziyyəti stabilləşdirmək vəzifəsi qoyulub. Krasnoqvardeysk rayonunda yaşayış məntəqələri arasında hərəkət məhdudlaşdırılıb, ictimai yerlər dezinfeksiya olunur, maska və əlcək taxılması məcburidir.

Son məlumata görə Adıgeydə cəmi 651 koronavirusa yoluxma halı təsdiqlənib. Şimali Qafqazda hazırda ən ağır vəziyyət qonşu Dağıstan respublikasında hökm sürür, orada koronavirusdan ölənlərin sayı mini keçir, yoluxanların sayını isə testlər çatışmadığı üçün müəyyən etmək mümkün deyil. Bütün xəstəxanalarda yerlər dolub, koronavirusa yoluxanların ardınca təcili yardım da getmir və sahə həkimləri onlara evlərində müalicə olunmaq məsləhəti verir.

Virtualaz.org

Xəbərlər